Polşanın paytaxtı Varşavada “Azərbaycan – tarix, cəmiyyət, mədəniyyət” mövzusunda elmi konfrans keçirilib

Polşanın paytaxtı Varşavada "Azərbaycan – tarix, cəmiyyət, mədəniyyət" mövzusunda elmi konfrans keçirilib. Elmi konfrans Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi və Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Sözügedən konfransda səfir Həsən Həsənovla yanaşı, Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin müavini, eyni zamanda, ölkəmizə təyin edilmiş səfiri Rafal Poborski, Varşava Universiteti Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) əməkdaşları, AMEA Tarix İnstitutunun əməkdaşı Aynur Bəşirli, ADA Universitetinin professoru Ceyhun Rzayev, Polşa universitetlərinin professorları və tələbələr iştirak ediblər. SİA xəbər verir ki, konfransı Pyotr Taraxa açaraq, Azərbaycan tarixinin və mədəniyyətinin elmi auditoriyaya və geniş Polşa ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən söz açıb. Üç paneldən ibarət təşkil edilmiş elmi konfransda mövzuya uyğun məruzələr dinlənilib, ətraflı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə