Xaricdə doktorantura səviyyəsində təhsil almaq üçün maliyyələşdirilmə ŞƏRTLƏRİ

Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. SİA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, xarici universitetlərə qəbul olunan və hazırda təhsil alan şəxslər də proqramdan istifadə edə bilərlər: "Hazırda reytinqdə adı olan universitetdə təhsil alan Azərbaycan vətəndaşları da bu proqrama müraciət edərək təhsillərinin maliyyələşməsini istəyə bilərlər. Əsas tələblərdən biri üçtərəfli müqavilənin olmasıdır".

Şöbə müdiri əlavə edib ki, xaricdə doktorantura təhsilinin maliyyə hissəsi yenə də Azərbaycan Dövlət Neft Fondu tərəfindən ödəniləcək: "Doktorantura səviyyəsi üzrə istiqamətlər may ayından müəyyənləşib. Bütün ixtisasları özündə ehtiva edir. 2020-ci ilin yaz semestri üçün sözügedən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün bu gündən müvafiq elan verilib. Sənəd qəbulu ildə 2 dəfə aparılacaq. Sentyabrdan növbəti semestr üçün sənəd qəbulu olacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...