Məktəblərdə KSQ və BSQ elektron qaydada keçirilə bilər? RƏY-ÖZƏL

“Azərbaycanda təhsil sistemində islahatların 3-cü mərhələsi həyata keçirilir. Birinci mərhələdə struktur və nəzəriyyə formalaşdırıldı, ikincidə təhsil qanunvericiliyinin formalaşdırılması prosesi həyata keçirildi. İndi isə, 3-cü, kadr potensialını gücləndirmə və təkmilləşdirmə mərhələsi başlayıb”. Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, təhsil sitemində həyata keçirilən islahatların üçüncü mərhələsi nəticəsində təhsil sistemi öz “artıqlarından” azad olacaq.

Onun sözlərinə görə, bundan sonra, aparılan islahatlara kölgə salanlar, təhsilə, müəllim adına xələl gətirənlər bu sistemdən uzaqlaşdırılacaq: “Ölkəmizdə bu prosesə yüksək səviyyədə və açıq şəkildə başlanıb. Buna sübut olaraq son bir ay ərzində Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın, Sumqayıt şəhəri 8 nömrəli tam orta məktəbin direktor müavini Nənəxanım Əliyevanın tutduğu vəzifədən azad edilməsi, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalova, 193 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımova, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevaya xəbərdarlıqla şiddətli töhmətin verilməsini göstərmək olar. Onların hər birinin cəzalanmasına səbəb çalışdıqları müəssisədə həyata keçirdikləri qeyri-qanuni pul yığmaları olub. Bunlar artıq sistemdə sağlamlaşdırılma mərhələsinin başladığını göstərir”.

Ekspert vurğulayıb ki, hazırda məktəblərdə əsas problem əsassız pul yığımıdır ki, bura fond, süpürgə, kağız, ksq, bsq, katric pulu daxildir: “Lakin nədənsə təhsilin keyfiyyəti heç müzakirə predmetinə çevrilmir. Düzdür, dövlət orta məktəblərində pul yığıla bilməz. Amma valideynin təhsilin idarəolunmasinda iştirakı və töhvəsi məsələləri Təhsil haqqında qanunun 34-cu maddəsi ilə və Təhsilin inkişafı strategiyasının 3.2.2. bəndi ilə tənzimlənir. Eyni zamanda yeni qəbul edilmiş Ümumi təhsil haqqında qanunun 24.1.4 bəndində də bu məsələ öz əksini tapıb. Belə ki, bu yardım könüllü deyil, məcburi tələb edilirsə, qanunu pozur. Valideyn məktəbə istər təskilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və burada qəribə heç bir şey yoxdur, dünya praktikasında bu mövcuddur. Hətta İngiltərədə məktəblərdə könüllü yardım edilir”.

Hazırda Azərbaycanda 4447 məktəb və 1.5 milyon şagirdin təhsil aldığını deyən ekspert qeyd edib ki, bu, hər 4 həftədən bir fənn üçün keçirəcəyimiz ksq-yə 1.5 milyon ağ kağızın lazım olduğu deməkdir: “Məlumdur ki, siniflərdə azı 9-11 fənn var, bu o deməkdir ki, hər 4-5 həftədən bir keçirilən ksq üçün azı 15 milyon kağız, onu çap etmək üçün printer, katric lazımdır. Düzdür, dövlət büdcəsindən lazım olan resurslar tam şəkildə təmin olunur. Əslində bütün məktəblər kağız da, katric də alır. Lakin bu zəruri resurs çatışmazlığına görə məktəblərdə pul yığılır”.

K. Əsədov əlavə edib ki, əgər problemin həlli yollarından biri ksq və bsq-nin ləğvidirsə, bu real deyil: “Çünki KSQ və BSQ minimum təhsil standartların reallaşmasını ölçmək üçün vasitədir. Amma KSQ və BSQ elektron qaydada da həyata keçirilə bilər. Hazırda məktəblərin 98 faizi komputerləşdirilib. Əgər elektronlaşdırılarsa, bu, həm il ərzində milyonlarla kağız israfının, həm də əsassız pul yığımının qarşısını ala bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...