Şagirdlərin Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi - Pedaqoji məqalə

Dünyanın ən qədim xalqlarından biri olan azərbaycanlılar özlərinə məxsus mədəniyyəti, mənəviyyatı ilə türk xalqları içərisində oxşar və fərqli cəhətləri ilə tanınsalar da, bu ailədə tutsalar da, tarixi zərurətdən XX əsrin əvvəllərinə qədər onlar müxtəlif ideologiyalara xidmət etməyə məcbur olmuşlar.

XX əsrin əvvəllərində dünyada gedən siyasi proseslər, Rusiyada da ictimai-siyasi vəziyyətə öz təsirini göstərdi. Azərbaycan ziyalıları bu şəraitdən istifadə edərək öz milli mənsubiyyətlərini tanıtmaq uğrunda mübarizəyə başladılar. Bu dövrdə nəşr olunan mətbu orqanların səhifələrində çıxışlar edərək, türkçülük-Azərbaycançılıq ideyalarını formalaşmasına öz töhfələrini verdilər. Bu işdə xüsusi fərqlənən görkəmli mütəfəkkirlər Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və b. Bununla bağlı fikirləri xalqın oyanışında, maariflənməsində xüsusi rol oynadı.

Böyük şərq mütəfəkkiri, dünyada tanınmış, elmlərin bütün sahələrində öz dəst- xətti olan azərbaycanlı alim Nəsrəddin Tusi yazırdı ki, insanlıq bu gün mövcudluğuna görə tərbiyəyə borcludur.Şagirdlərin özünəməxsus və fərdi xüsusiyyətləri müxtəlif olduğu üçün onlara tərbiyəvi təsir də müxtəlif olmalıdır. Şagirdin fərdi və mənəvi keyfiyyətlərini bildikdən sonra ona müsbət mənada təsir imkanları asanlaşır. Qeyd edilməlidir ki, tərbiyə müəllimin, uşağın şəxsiyyətinin inkişafına, onun müasir ümumi mədəniyyətə yiyələnməsinə, layiqli vətəndaş olmasına kömək edən məqsədyönlü mənalı fəaliyyətdir. Təlim-tərbiyə prosesində hər şeydən öncə yadda saxlamaq lazımdır ki, insanlığın zinəti sayılan əxlaq hər cür naqisliyi qəbul etmir, həmrəyliyi, qarşılqlı yardımı, dostluğu, xeyrxahlığı, insanpərvərliyi tələb edir.

Heç də təsadüfi deyil ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda Azərbaycançılıq ideyalarına sadiq vətəndaşın yetişdirilməsi təhsilin əsas məqsəd və vəzifələrindən biri hesab edilmişdir. Bu mənada, heç şübhəsiz, azərbaycançılıq məfkurəsinin əsas qayəsinin və ideyasının böyüməkdə olan nəslə aşılanması, onların Vətənə, dövlətçiliyə, dövlət rəmzlərinə, ilk növbədə, Azərbaycanın Himninə və Bayrağına, milli-mənəvi dəyərlərə hörmət və sadiqlik, ekstremist və düşmən qüvvələrə isə barışmazlıq ruhunda tərbiyəsi, xüsusilə də torpaqlarımızın bir hissəsinin işğal altında qaldığı bir vaxtda orduda xidmətin, vətənin müdafiəsinin şərəf və ləyaqət nümunəsi olması ideyasının təbliği və təşviqi məktəbimizdə aparılan ideoloji işlərin vacib tərkib hissəsi kimi pedaqoji kollektiv tərəfindən qəbul olunaraq bu istiqamətdə aparılan işlərdə uğurlara nail olunur.

Məktəbimizin pedaqoji kollektivi tədris prosesində, müxtəlif səpkili tədbirlərdə böyüməkdə olan nəslə aşılayır ki, Vətənini sevən, öz xalqına, vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyüyüb, boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz diyardır. Hər kəs öz varlığıyla Vətənininə bağlı olmalı, onu sevməli, göz bəbəyi kimi qorumalıdır. Həmçinin belə bir həssas məqama toxunulur ki,Vətənpərvərlik özü üçün deyil, eli üçün yaşamaqdır. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev bütün ömrünü ancaq xalqına və dövlətinə həsr etdi. Bütün zamanların ən böyük azərbaycanlısı, görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyəti Vətənə, xalqa şərəfli xidmətin heyrətamiz nümunəsi olduğu kimi, onun mükəmməl təlimi, müdrik ideyaları da son dərəcə qiymətlidir. Ulu Öndərin bütöv bir sistem təşkil edən nəzəri irsində və siyasi fəaliyyətində önəmli yer tutan məsələlərdən biri də Azərbaycançılıqdır.

Dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirmiş, Azərbaycançılıq məfkurəsinin elmi-nəzəri, siyasi-ideoloji prinsiplərini müəyyənləşdirmiş və əsaslandırmış, eyni zamanda bütün fəaliyyəti boyunca bu ideologiyanın hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirmişdir.

Böyük türk mütəfəkkiri Ziya Göyalpın məşhur fikridir ki, Məfkurəsiz dövlətlər hər an qopacaq bir qiyaməti gözləyirlər. Dirildən və yaradan bir məfkurəyə malik olan hər dövlət ölməzdir”. Bu mənada böyük iftixar hissi ilə demək lazımdır ki, ideya müəllifi və yaradıcısı ümummilli liderimiz Heydər Əliyev olan azərbaycançılıq məfkurəsi milli həmrəyliyi, ölkəmizdə yaşayan bütün millət və xalqların birliyini təcəssüm etdirməklə müstəqil Azərbaycanın rəsmi dövlət ideologiyasına çevrilmişdir. Bu ideologiya ulu öndərin irəli sürdüyü “Xalq dövlət üçün yox , dövlət xalq üçün olmalıdır” müddəasının parlaq təzahürüdür.

Bizim üçün tarixi bir amal var - azərbaycançılıq” deyən ümummilli liderimizin yığcam və hamı üçün əlçatan sadə dildə ifadə olunmuş fikrinə görə, “Azərbaycançılıq - öz milli mənsubiyyətinin, milli-mənəvi dəyərlərin saxlanması, eyni zamanda onların ümumbəşəri dəyərlərin sintezi, inteqrasiyası ilə zənginləşməsi, hər bir insanın inkişafının təmin edilməsi deməkdir”.Göründüyü kimi, Azərbaycançılıq ideologiyasının mahiyyəti, məna tutumu çox dərindir və fəlsəfi baxımdan yanaşsaq, hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının həyat yolunu, bugünümüzə və gələcəyə baxışlarını müəyyən edir.

Ümummilli liderimiz hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycançılıq istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, böyüməkdə olan nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə Azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz ulu öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı. Ümummilli liderimiz Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq ideyasının izləri var. Bu ideyalar müstəqillik illərində inkişaf etdi, formalaşdı, müstəqil dövlətimizin dayaqlarına çevrildi. İnkişaf edən ölkəmizdə hansı sahəyə üz tuturuqsa, orada ümummilli liderimizin əməllərini görürük. Odur ki, hər birimiz və tərbiyə etdiyimiz gələcəyin Azərbaycan vətəndaşı olacaq şagirdlərimiz əminliklə, qürur hissi ilə fəxr edərək deyirik: Biz Heydər Əliyevin Azərbaycanının vətəndaşıyıq!

Dünya Azərbaycanlılarının I qurultayında Heydər Əliyev milli dövlətçiliyimizin ideya təməlini “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” kimi ifadə etməklə, azərbaycançılıq məfkurəsini dünya azərbaycanlılarının milli ideologiyasının təməl prinsipinə çevirdi. Bu gün hamı dərk edir ki, Azərbaycançılıq coğrafi anlayış olmayıb, daha çox milli məfkurədir. Azərbaycançılıq məfkurəsi qüdrətli dövlət ideologiyası olmaqla yanaşı, həm də həyatımızın bu məfkurəyə dair digər istiqamətləri üçün də çox önəmlidir.

Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Milli mənsubiyyəti, milli-mənəvi dəyərləri hifz etmək, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşın mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir.

Məktəbdə aparılan tərbiyəvi prosesdə şagirdlərimizin gələcəkdə dünyanın hansı yerində təmsil olunmaqlarından asılı olmayaraq onlara müqaisə və ətraflı təhlil aparmaq vərdişlərinə yiyələnmək baxımından izah olunur ki, bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya təkcə azərbaycanlıların deyil, digər milli azlıqların da marağını özündə tam ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı bir ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur.

Həmçinin yaxın keçimişin tarixi reallıqlarını şagirdlərimizə çatdıran zaman onlara daim yaddaşlarında saxlamaq üçün öyrədilir ki, ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dinlər arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz nümunəsidir. Dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası isə dini-etnik tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.

Ümummilli liderimiz Heydər Əliyevin iradə və əzmi sayəsində bu gün Azərbaycançılıq Azərbaycan dövlətinin mili-siyasi məfkurəsinə çevrilmişdir.

Bu gün Azərbaycan müstəqillik yollarında inamla irəliləyir. Prezident İlham Əliyevin apardığı praqmatik, düşünülmüş siyasət nəticəsində ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi milli ideologiya və güclü dövlətçilik təlimi kimi nüfuz qazanıb.
Bu gün ümumtəhsil məktəblərində Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, Azərbaycanın dövlət rəmzləri bu məsələnin uşaqlara aşılanmasında müstəsna əhəmiyyət kəsb edir. Məktəbimizdə elmi-tarixi, ədəbi-bədii materialların zənginliyi fonunda müəllimlərin pedaqoji ustalığı ondan ibarətdir ki, onlar şagirdlərin şüuruna, dünyagörüşünə, hissiyyatlarına təsir edən nümunələr əsasında müvafiq izahat işi aparırlar. Əlbəttə, humanitar fənlərin tədrisi həmin işlərdə mühüm rol oynayır, lakin proqram materialları ilə kifayətlənmək düzgün olmazdı. Azərbaycanın zəngin ana dili, flora-faunası, mədəniyyət abidələri, görkəmli tarixi və ədəbi şəxsiyyətləri, milli-mənəvi dəyərləri, xalqımızın mentaliteti uşaqlarda milli iftixar hissinin, milli təfəkkürün inkişaf etdirilməsi üçün əvəzsiz mənbədir. Yəqin, elə bir azərbaycanlı, Azərbaycan vətəndaşı tapılmaz ki, bir əsr bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olması ilə, eləcə də bugünkü müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısında ölçüyəgəlməz misilsiz xidmətləri ilə, həmçinin Ermənistanın məkrli işğalçı qüvvələrinə qarşı döyüş bölgələrində müstəsna qəhrəmanlıq göstərən və bu yolda şəhid, qazi olmuş əsgərlərimizlə, rəşadətli ordumuzun Lələtəpə vuruşlarında, uğurlu “ Naxçıvan əməliyyatı”nda möhtəşəm tarixi qələbəsi ilə, dövlətimizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli göstərişinə əsasən, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası və bununla da doğma torpaqlarımıza “böyük qayıdış”ın başlanması ilə fəxr etməsin. Elə bir soydaşımız olmaz ki, cənab Prezidentin Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır sözləri onun qəlbində hədsiz sevinc, yüksək qürur hissi və dövlətimizin qüdrətinə böyük inam oyatmasın.

Nəzərə alsaq ki, bu gün ayrı-ayrı kütləvi informasiya vasitələrində, müxtəlif sayt və kanallarda mentalitetimizə yad elementlərin yer alması uşaqlarda çaşqınlıq və onları düzgün yoldan sapdırma ehtimalı yarada bilər, o zaman məsələnin nə qədər ciddi mahiyyət daşıması göz önündədir. Məsələyə bu aspekdən yanaşaraq qeyd etmək lazımdır ki, bu gün Naxçıvan Qarnizonu Tam ota məktəbin şagirdləri hərbiçi övladlarıdır və onların böyük əksəriyyəti Hərbi şəhərcikdə konpakt halında yaşayır, təbii ki, bu istiqamətdə nəzərdə tutulan işlər ailələrlə sıx əməkdaşlıq şəraitində aparılır. Demək olar ki, məktəbimizdə təlim-tərbiyə prosesində valideynlərin böyük əksəriyyəti fəal iştirak edir. Məktəbdə keçirilən tədbirlərdə, aparılan dərslərdə valideynlərin fəallığı, məktəb-valideyn əlaqələrinin yüksək səviyyəsi, təlim-tərbiyə prosesində uğurların əldə olunmasına gətirib çıxarır . Daha dəqiq ifadə etsək, bu gün hər bir valideyndə belə bir fikir formalaşıb ki, mənim övladım niyə digərlərindən geridə qalmalıdır.Bu gün məktəbdə sağlam rəqabət mühütinin yaradılması, şagirdlərə öz doğma övladı kimi yanaşma, böyüməkdə olan nəslin vətənpərvərliyi, təhsili, sağlamlığı, tərbiyəsi, əxlaqı, Azərbaycançılıq məfkurəsi istiqamətində inkişafı pedaqoji heyətin ən başlıca amalıdır.

Bu gün nəzərə alsaq ki, məktəbimiz digər ümumtəhsil məktəblərindən fərqli olaraq Azərbaycanımızın hər bir bölgəsindən olan valideynlərin övladlarıdır və onlar müxtəlif etnosların nümayəndələridir, onda pedoqoji kollektivin məsuliyyəti daha da artır. Məsələnin həssaslığını dərk edən məktəbin rəhbərliyi ideoloji işin təşkilində, uşaqların tərbiyəsi ilə bağlı məsələlərdə bu məqama xususi diqqət göstərərək, şagirdlərin milli dəyərlərlə yanaşı, ümumbəşəri, multikultural dəyərlərə hörmət ruhunda tərbiyəsinə üstünlük verir.

Məktəbdə şagirdlərin intellektlərinin inkişafına xüsusi diqqət göstərilir. Heç şübhəsiz, şagirdlərə yalnız fənlər üzrə proqram materialları çərçivəsində müəyyən biliklərin verilməsi məsələyə birtərəfli yanaşmaq deməkdir. Bunun üçün məktəbin müəllimləri şagirdlərin əldə etdikləri bilikləri tətbiq, sosial-ictimai hadisələri təhlil etməyə, bunlar arasında müqayisələr aparmaqla müstəqil nəticə çıxarmağa, tədqiqat xarakterli yaradıcı işlərə, layihələrdə iştiraka cəlb olunması onların dünyagörüşünün genişlənməsinə etibarlı zəmin yaradır. Məktəbdə şagirdlərin intellektinin inkişafına nail olmaq üçün mütaliə, incəsənət əsərləri ilə tanışlıq, teatr tamaşaları, tanınmış şəxsiyyətlərlə görüşlər, tarixi abidələrə, muzeylərə ekskursiyalar da onların formalaşmasına əsaslı şəkildə müsbət təsir göstərir. Xüsusilə “ Oxunması zəruri olan kitabların” siyahısında olan kitabların oxunub, müzakirəsini təşkil etmək, bunlarla yanaşı kiçik həcmli esselər yazılması uşaqların inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Əlbəttə, bir pedoqoji mühazirədə şagirdlərin azərbaycançılıq məfkurəsi istiqamətində aparılan işləri əhatə etmək imkan xaricindədir. Pedoqoji mühazirədə qeyd olunan məsələlərə yaradıcı yanaşmaq, onların ətrafında müzakirələr aparmaq və yeni təkliflər irəli sürmək məqsədəmüvafiq olardı. Bütün bunlarla əlaqədar ideoloji sahədə ümumi məqsədimizi, vəzifələrimizi və fəaliyyətimizin konsepsiyasını müəyyən edən ulu öndərimizin biz təhsil işçilərinə ünvanladığı bu müdrik fikirləri daim yaddaşımızda səslənməlidir: “Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü Vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək”.

Natiq Əhmədov

Naxçıvan Qarnizonu tam orta

məktəbinin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...