ADAU-da “Bir tələbə-bir fermer” layihəsinə start verilir

Respublikamızda yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tələbələrin praktik bilik və bacarıqlarının artırılması, təhsil-təcrübə sinerjisinin formalaşdırılması, tətbiq olunan innovativ texnologiyaların mənimsənilməsi, kəndli və fermerlərə yaxınlığın təmin edilməsi məqsədilə “Bir tələbə-bir fermer” layihəsinə start verir. SİA xəbər verir ki, layihə çərçivəsində tələbələrin fəaliyyət istiqamətlərinə fermerlərin texnoloji sahələrdə problemlərini dinləmək, onları universitetin müvafiq mütəxəssisləri ilə əlaqələndirmək; aqrar sahənin kadr ehtiyaclarını öyrənmək, bu barədə universitet rəhbərliyinə təkliflər vermək; tətbiq olunan innovasiyaları öyrənmək və universitetdə tədris prosesi ilə əlaqələndirmək; universitetdə əldə olunan nəzəri bilikləri fermerlərə təklif etmək və onların nəticələrini sınaqdan keçirmək; fermerlərin həyat tərzi ilə yaxından tanış olmaq; gənc mütəxəssislərin aqrar sahənin əmək şəraitinə inteqrasiyası məsələlərini öyrənmək kimi məsələlər daxildir.

Qeydiyyatdan keçmək istəyən tələbələr müvafiq fakültənin dekanlığına müraciət etməlidirlər.

Qeydiyyat üçün son tarix noyabrın 1-dəkdir. Layihəyə qoşulmaq arzusunda olan tələbələr tanıdıqları fermerləri sərbəst və ya Dövlət Aqrar İnkişaf mərkəzlərinin təqdim etdiyi siyahıdan seçə bilərlər.

Pilot olaraq layihənin Göygöl, Samux və Şəmkir rayonlarının fermerləri ilə həyata keçirilməsi nəzərdə tutulub.

Ə.Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə