Təhsilin kəmiyyət və keyfiyyət göstəriciləri yüksəlib ŞƏRH

Ölkənin təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb

Bu gün ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, iqtisadi islahatlarla yanaşı, elmə, təhsilə də dövlət tərəfindən xüsusi diqqət ayrılır. Dövlətin potensialının güclənməsi, dünyaya inteqrasiya prosesinin sürətlənməsi elminin inkişafı ilə sıx bağlıdır. Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb edir. İqtisadiyyatın inkişafının əsasında elmi tərəqqi dayandığından, prioritetlər düzgün seçilməli və onun üzərində işlər müəyyənləşmiş xətt üzrə aparılmalıdır. Elm və təhsilin inkişafı və bu sahədə mövcud olan bəzi problemlərin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülməkdədir.

Dövlət başçısı İlham Əliyevin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncamı bir sıra problematik məsələlərin həllində, elmi tədqiqatların müasir standartlar səviyyəsində qurulmasında, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynadı. Bu gün Azərbaycanın elmi beynəlxalq elm məkanına inteqrasiyası prosesi güclənib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirən növbəti addım oldu. Elmin inkişafını nəzərdə tutan Milli Strategiya Azərbaycan elminin respublikanın iqtisadi inkişafında rolunun artırılmasında, yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsidə, mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həllində rol oynadı. Artıq Azərbaycanda elmin hüquqi-normativ bazası yaradılıb. Bu və digər sərəncamlar, dövlət proqramlarının icra və tətbiqi Azərbaycan elminin inkişafını sürətləndirir. Bütün bunlarla yanaşı, "Elm haqqında" qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati- hüquqi əsaslarını müəyyənləşdirmiş oldu.

Həyata keçirilən tədbirlərin və islahatların, məntiqi nəticəsi olaraq, bu gün ölkənin təhsil sisteminin göstəriciləri "Qlobal Rəqabətlilik İndeksi"ndə növbəti dəfə yaxşılaşıb. Belə ki, Dünya İqtisadi Forumu tərəfindən bu günlərdə yayılmış "Qlobal Rəqabətlilik İndeksi 2019" hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında, müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB ölkələri arasında yüksək nəticələr əldə edib. Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən "Bacarıqlar" ("Skills") kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə, "İnnovasiya bacarığı" ("İnnovation Capability") üzrə isə, bu il 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşıb. Belə ki, "Bacarıqlar" kateqoriyasının tərkib hissəsi olan işçilərin peşəkar inkişafı göstəricisi üzrə Azərbaycan 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyəti göstəricisi üzrə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçiləri tapmaq asanlığı göstəricisi üzrə 2 pillə irəliləyərək, 29-cu yerlərdə qərarlaşıb. Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə isə, ölkəmiz 7 pillə irəliləyərək, 20-ci yerdədir. "İnnovasiya bacarığı" kateqoriyasında Azərbaycan beynəlxalq müştərək ixtiralar üzrə 3 pillə irəliləyərək 96-cı, elmi nəşrlər üzrə 3 pillə irəliləyərək 105-ci, patent ərizələri üzrə 3 pillə irəliləyərək, 105-ci, elmi-tədqiqat institutlarının qabaqcıllıq indeksi üzrə 8 pillə irəliləyərək, 78-ci yerlərdə qərarlaşıb.

Bu gün ölkəmizin qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Azərbaycanın uğurlu inkişafı təmin edilir, təhlükəsizlik yüksək səviyyədə qorunur və ictimai-siyasi sabitlik möhkəmlənir.

Ölkə başçısının rəhbərliyi ilə son 16 il ərzində Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb, bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri, köklü iqtisadi islahatlar həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...