Latviyanın sabiq prezidenti Qərbi Kaspi Universitetində olub

Qərbi Kaspi Universitetində Latviya Respublikasının sabiq Prezidenti Raymond Veyonisin universitetin professor-müəllim və tələbə heyəti ilə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, qonağı salamlayan universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Azərbaycan və Latviya arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya 2017-ci ildə gerçəkləşən səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını və bu sənədin iki ölkənin gələcək əməkdaşlıq əlaqələri üçün əhəmiyyətini diqqətə çatdırıb.

Universitetin rektoru, professor Andris Leitas diplomatik sahədə böyük təcrübəyə malik Raymond Veyonislə görüşün tələbələr, xüsusilə ictimai-siyasi sahələr üzrə təhsil alan tələbələr üçün bir fürsət olduğunu qeyd edib.

Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs də iki ölkə arasında strateji əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Daha sonra Latviya Respublikasının sabiq Prezidenti Raymond Veyonisin “Azərbaycan-Latviya mədəni-tarixi dialoqu” mövzusunda mühazirəsi dinlənilib. Qonaq Azərbaycan-Latviya münasibətlərinin tarixinə toxunub, bu əlaqələrlə bağlı arxiv sənədlərini təqdim edərək, onları şərh edib. R.Veyonis daha sonra tələbələri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsindən məmnunluğunu qeyd edərək tələbələrə Qərbi Kaspi Univeristetində keyfiyyətli təhsil üçün yaradılmış yüksək şəraitdən istifadə etməyi tövsiyə edib.

Sonda Raymond Veyonisə Qərbi Kaspi Universitetinin Fəxri Professoru adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...