Lənkəranda “Vətənim Azərbaycan” layihəsinin ilk turunun qalibi müəyyənləşib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi İlkin Qəniyevin rəhbəri olduğu “Vətənim Azərbaycan” layihəsinin Lənkəran rayonunun mərkəzi və ona yaxın ümumtəhsil müəssisələrinin məktəbliləri arasında “Azərbaycanın tarixi və coğrafiyası” üzrə Breynrinq yarışı uğurla həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, yarışda Lənkəran şəhərinin 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı, 6 saylı, 7 saylı, 8 saylı, 10 saylı tam orta məktəbləri, rayon mərkəzinə yaxın yerləşən Sütəmurdov, Velədi və Şilavar kənd orta məktəblərini təmsil edən məktəblilərdən ibarət komandalar arasında maraqlı yarış baş tutub.

Lənkəran rayonu Sütəmurdov kənd tam orta məktəbində baş tutan yarışın əvvəlində layihənin rəhbəri İlkin Qəniyev Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin təhsilin inkişafı üçün əhəmiyyətli rolunu qeyd edərək, Breynrinqin formatı, qaydaları barədə informasiya verdikdən sonra yarışa start verilib. Gərgin keçən yarışda mümkün 45 baldan 38 balı toplayan Lənkəran şəhər 2 saylı tam orta məktəbinin komandası ilk yeri qazanaraq “Vətənim Azərbaycan” layihəsinin final turuna vəsiqə qazanıb.

Müvafiq olaraq II yeri Lənkəran şəhər 8 saylı tam orta məktəbinin komandası, III yeri isə Lənkəran şəhəri Xarici dillər təmayüllü gimnaziya məktəbinin komandası tutub. Qeyd edək ki, “Vətənim Azərbaycan” layihəsi çərçivəsində Lənkəran rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycanın tarixi və coğrafiyası üzrə breynrinq – bilik yarışı Lənkəran rayonunda daha 4 istiqamət üzrə həyata keçiriləcək. Növbəti yarışmanın mərkəzi Lənkəran rayonu Vilvan kənd tam orta məktəbi olacaqdır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə