“Bakı təhsili: uğurlar və hədəflər” - FOTOLAR

Oktyabrın 15-də Bakı şəhəri təhsil işçilərinin “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı keçirilib. Konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Azərbaycan Təhsil Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Mirzə Cəfərzadə, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər.

Konfrans Bakı məktəblilərindən ibarət birləşmiş xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxış edərək konfrans iştirakçılarını salamlayıb, ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini, Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, Ümummilli Liderin təhsil siyasətinin uğurla davam etdirildiyini bildirib. BŞTİ müdiri əldə edilmiş nailiyyətlərin məhz dövlət qayğısının nəticəsi oluduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb, ötən tədris ilinin keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla yadda qaldığını söyləyib, perspektiv məsələlərdən bəhs edib. İdarə müdiri çıxışı zamanı 2019-2020-ci tədris ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib.

BŞTİ müdiri bildirib ki, 2019-2020-ci tədris ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. M.Vəliyeva republika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.

Nazir müavini məktəbəqəbul və şagirdlərin elektron yerdəyişməsi, məktəblilərin dərs yükü, ibtidai təhsil, məktəbdaxili qiymətləndirmə və digər vacib məslələr barədə geniş şəkildə danışıb.

M.Vəliyeva eyni zamanda məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını vurğulayıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışı zamanı bildirib ki, təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, dövlət tərəfindən təhsil işçilərinə göstərilən qayğı razılıqla qarşılanır və müsbət nəticələrlə müşayiət olunur. Əldə olunan uğurlar cari tədris ilində də inkişaf dinamikasının qorunub saxlanacağını deməyə əsas verir.

Konfransda BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Qədiməliyev və 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova da çıxış ediblər.

Tədbir bədii kompazisiya ilə yekunlaşıb.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə