UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC ikili diplom proqramları” sərgisi keçirilib. SİA xəbər verir ki, sərgidə UNEC-in Avropa və Amerikanın aparıcı universitetləri ilə bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramları təqdim olunub.

Sərgini ziyarət edənlərə UNEC-də bakalavr pilləsi üzrə London Unversiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpelye Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi və Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə ikili diplom proqramları barədə ətraflı məlumat verilib. Eyni zamanda UNEC-in Montpellier Universiteti ilə ikili diplom proqramının üstünlüklərindən bəhs ediblər.

Sərgidə UNEC-in magistr pilləsi üzrə ABŞ-ın Linkoln, Fransanın Montpellier, Litvanın Mikolas Romeris və İsveçrənin UBIS- Biznes və Beynəlxalq Tədqiqatlar universitetlərinin ikili diplom proqramları da təqdim olunub.

UNEC-in rektoru jurnalistlərə sərgi barədə açıqlama verib. Bildirib ki, universitetin ikili diplomları barədə sərgi ilk dəfədir ki, təşkil olunur. Burada UNEC-in 8 xarici universitetlə magistr və bakalavr pilləsi üzrə ikili diplom proqramı təqdim olunur. Sərginin məqsədi tələbə və magistrlərə ikili diplomlar barədə ətraflı məlumat vermək, onların maraq və istəklərinə uyğun seçim etmələrinə dəstək göstərməkdir. Rektor bildirib ki, 4 illik təhsil müddətində tələbələr UNEC-in diplomu ilə yanaşı, ikili diplom proqramına qoşularaq nüfuzlu xarici universitetin də diplomunu əldə edə bilərlər.

Sərgini ziyarət edən qonaqlar UNEC-in ikili diplom proqramlarını yüksək qiymətləndirərək, bu imkanı tələbə və magistrlər üçün böyük uğur adlandırıblar.

Sərgidə tələbələri maraqlandıran suallar cavablandırılıb, ikili diplomlar barədə bukletlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...