Bu müəllimlərin bilikləri sınaqdan keçiriləcək

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika müəlimləri üçün ixtisasartırma təlimlərinin birinci mərhələsi keçirilib.

Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, təlimlərdə 600-dən çox 4-7-ci sinif müəllimləri iştirak edib.

Təlim çərçivəsində müəllimlər pilot layihənin yenilikləri barədə məlumat əldə edib.

Təlimlərin nəticələrinə əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda layihənin bütün müəllimlərinin bilikləri sınaqdan keçiriləcək.

Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin proqramlaşdırma sahəsində praktik biliklərini artırmaqdır.

Qeyd edək ki, yeni tədris ilindən "Rəqəmsal bacarıqlar" layihəsinin məktəb daxilində koordinasiya işini təşkil etmək üçün metodist, texniki mütəxəssis və idarəçi vəzifələri müəyyənləşdirilib. Hər üç vəzifəyə təyin olunan 175 metodist, 175 texniki mütəxəssis və 200 idarəçi üçün təlimlər təşkil edilib. Layihə ilə bağlı edilən yeniliklərdən biri də genişmiqyaslı qarışıq təhsil formatına (blended learning) keçiddir.

Təhsil Nazirliyinin Beynəlxalq Alqoritmika şirkəti ilə birlikdə həyata keçirdiyi “Rəqəmsal bacarıqlar" pilot layihəsinə bu tədris ilindən etibarən daha 50 ümumi təhsil müəssisəsi cəlb edilib. Bunlardan 23-ü Bakıda, 10-u Sumqayıtda, 7-si Mingəçevirdə, 5-i Şamaxıda və 5-i isə Gəncədə yerləşir. Beləliklə, layihə 123 məktəb üzrə təxminən 70 min şagirdi əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...