Sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə "Bilik günü" kimi qeyd olunur. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. SİA xəbər verir ki, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 min 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 min 234, IX sinfində 122 min 43, XI sinfində isə 82 min 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Hazırda respublikada 322 ibtidai məktəb, 3 min 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 min 447 məktəb fəaliyyət göstərir. Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib. 2019-2020-ci tədris ilində 108 min 74 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168 min 148 dərslik və metodik vəsait nəşr olunub. Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq", V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunacaq. Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb. Son beş tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Belə ki, yüksək bal toplayan abituriyentlər müəllim peşəsinə üstünlük verirlər. Beləliklə, istər məktəbəqədər, istərsə də ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsində təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Bu da öz növbəsində təhsilin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına zəmin yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə