Liseylər region məktəbliləri üçün də əlçatandır

2019-2020-ci tədris ilində regionlarda lisey sinifləri fəaliyyətə başlayacaq. Bu barədə SİA-ya məlumat verən Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, artıq Gəncə, Quba, Şəki və Şirvanda lisey siniflər yaradılıb. Yəni liseylər region məktəbliləri üçün də əlçatandır. Gəncə və Qubada Fizika, riyaziyyat və informatika təmayüllü liseyin filialı, Şəki və Şirvanda isə Kimya-biologiya təmayüllü respublika liseyinin filialı açılacaq.

Fuad Qarayev deyib: “Bu liseylərin həmin bölgələrdə seçilməsinin səbəblərindən biri onların bütün region şagirdlərinə əlçatan olmasıdır. Bu lisey siniflərin kontingentini əsasən fənn müsabiqələrində iştirak etmiş şagirdlər təşkil edəcək. Bu məktəblərə qəbul olunmaq üçün 1000-dən çox şagird imtahanda iştirak edib. Qəbul iki mərhələdə aparılıb. İlkin mərhələdə fənn müsabiqəsi qalibləri birbaşa bu siniflərdə oxumaq şansı qazanıblar. İkinci mərhələdə isə qəbul imtahanları keçirilib. Artıq nəticələr məlumdur. Sentyabrın 16-da lisey siniflərdə tədris prosesinə başlanılacaq”.

Qeyd edilib ki, Bakıda Kimya-biologiya təmayüllü respublika liseyi və Fizika-riyaziyyat və informatika təmayüllü liseyi fəaliyyət göstərir. Son illər bu liseylərdə əldə edilən nəticələr kifayət qədər sevındirici və qənaətbəxşdir. Belə ki, istər 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri, istər 11-ci siniflərin ali məktəblərə qəbul imtahanlarının nəticələri, istərsə də bu liseydə oxuyan uşaqların respublika və beynəlxalq fənn olimpiadalarında əldə etdikləri nailiyyətlər regionlarda lisey siniflərin yaradılmasına əsas verir.

Bütün xəbərlər Facebook səhifəmizdə