Kaspi Təhsil Şirkəti ötən tədris ilinin hesabatını verdi TƏDBİR - VİDEO

Artıq 12 ildir amalı mükkəmməl milli təhsil olan və təhsil sferasında keyfiyyətli təhsili ilə fərqlənən Kaspi Təhsil Şirkəti media nümayəndələri ilə görüşüb. Şirkətin ötən tədris ilindəki uğurlu fəaliyyəti mediaya təqdim olunub. SİA xəbər verir ki, hesabat tədbiri, Kaspi Liseylərinin və Kaspi Abituriyent kurslarının nəticələrinin təqdimatı üzrə iki mərhələdə keçirilib.

Tədbiri açıq elan edən Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev ötən il təhsil sitemindəki və imtahan qaydalarındakı dəyişikliklər haqqında danışıb. O qeyd edib ki, yeni imtahan sistemi şagirdlərin bilikləri ilə yanaşı, bacarıqlarının da bir neçə aspektdən yoxlanılmasına şərait yaradıb. Kaspi Təhsil Şirkəti də bu dəyişiklikləri müsbət qarşılayaraq şagirdlərinin yeni qaydalara adaptasiyasına köməklik göstərib.

E.Əliyev çıxışında 2019/2020–ci tədris ilindən etibarən Kaspi liseyinin ingilis bölməsinin açılmasından, Bakının Nərimanov rayonunda yeni açılmış Kaspi Uşaq Bağçasının Gənclik filialından, Sumqayıtdakı Kaspi Uşaq Bağçasının nəzdində yeni istifadəyə verilmiş Kaspi Kids kurslarından, həmçinin Balakəndə, Bakının Mərdəkan qəsəbəsində yeni fəaliyyətə başlayacaq Kaspi abituriyent nümayəndəliklərindən və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərdən danışıb.

Sonra Elnur müəllim sözü Kaspi Təhsil Şirkətinin təsisçisi Sona xanım Vəliyevaya verib.

Sona xanım çıxışının əvvəlində Abituriyent kurslarının bundan əvvəlki illərdəki uğurunun bu il də təkrarladığını qeyd edib. O prezident təqaüdçüsü adını qazanan Əsmər Hacızadə, Məzahir Məmmədov və Vüqar Rufullanın nəticələrini xüsusilə qeyd edib. 35 abituriyentin 600-dən yuxarı nəticə göstərdiyini və Əsmər Hacızadənin 690.5 bal toplayaraq I qrup üzrə respublika birincisi olduğunu, ümumilikdə Kaspi Abituriyent kurslarının bu il qəbul imtahanlarında göstərdiyi nəticənin 98% olduğunu vurğulayıb.

Lisey haqqında danışarkən Sona xanım qeyd edib ki, ötən il Kaspi Liseyinin məzunları əvvəlki illərdəki uğurunu təkrarlayaraq, qəbul imtahanlarında bu il də 100% nəticə göstəriblər. 2018-2019 tədris ilində Ali Məktəblərə Qəbul İmtahanının göstəricilərinə əsasən Kaspi Liseyinin özəl məktəblər arasında ən yüksək nəticə göstərməsini, son 2 tədris ilində isə buraxılış imtahanlarının nəticələrinə görə, liseyin Respublika üzrə 1-ci yer tutmasını, məzunlarımızdan 12-nin nüfuzlu xarici universitetlərə qəbul olmasını, bu ilki məzunlardan Nigar Alıyevanın liseyi qızıl medalla bitirməsini, respublika fənn olimpiadasında gümüş medal qazanmasını, qəbul imtahanında isə 600-dən yuxarı bal toplayaraq BDU-nin hüquq fakultəsinin ingilis bölməsinə qəbul olmasını vurğulayıb.

Kaspi Liseyin həmçinin 2018-2019-cu tədris ilində layihə olimpiadalarında ümumi 38 olmaqla, 6 qızıl, 9 gümüs, 23 bürünc medal qazandığı və bununla da 2015-ci ildən etibarən liseyin hesabındakı medal sayının 83-ə çatdığını bildirib. Çıxışının sonunda Sona xanım Kaspi Abituriyent kurslarında, Kaspi Liseylərinin 2018/19-cu tədris ilində ali məktəblərə qəbul olmuş bütün məzunlarını, onların valideynlərini və Kaspinin müəllim heyətini təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirdə builki qəbul imtahanlarında yüksək nəticə göstərmiş Kaspi Liseyinin və Kaspi Abituriyent kurslarının məzunlarına, onların valideynlərinə, müəllimlərinə və təhsil aldıqları Kaspi müəssisələrinin rəhbərlərinə çıxış üçün söz verilib. Onlar Kaspi Təhsil Şirkətindəki tədrisin keyfiyyətindən, müəllimlərin peşəkarlığından, onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını söyləyiblər və bu sistemli və uğurlu fəaliyyətə görə Kaspi ailəsinə təşəkkürlərini bildiriblər.

Tədbir qəbul imtahanlarında uğur qazanmış Kaspi məzunlarının və müəllimlərinin mükafatlandırılması ilə yekunlaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə