Onlar yüksək balla Aİİ-ni seçiblər

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul olan tələbələrin qeydiyyatı davam edir. Bu il Dinşünaslıq və İslamşünaslıq ixtisası üzrə ali təhsil müəssisəsinə 72 nəfər qəbul olub. Onların 40 faizi qeydiyyatdan keçib.

Daxil olan tələbələr kifayət qədər yüksək balla Aİİ-ni seçiblər. Bu günə olan məlumata əsasən, Dinşünaslıq ixtisasına ən yüksək bal 523, İslamşünaslıq ixtisasına ən yüksək bal isə 346 olub. Məlumat üçün bildirək ki, 2018/2019-cu tədris ilində Dinşünaslıq və İslamşünaslıq ixtisaslarında keçid balları 150 bal olmasına baxmayaraq, 2019/2020-ci tədris ilində Dinşünaslıq ixtisasında keçid balı 292, İslamşünaslıq ixtisasında 200 bal olub.

Qeyd edək ki, sənədlərin qəbulu 27 avqust 2019-cu il tarixədək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Yasamal rayonu Əhməd Cəmil küç., 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılır. İnstitutda tələbələrin qeydiyyatdan keçməsi üçün lazım olan hər cür şərait yaradılıb. Belə ki, Aİİ-nin rektoru Ceyhun Məmmədov bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin qeydiyyatının aparılması üçün məsul şəxsin təyin edilməsi haqqında əmr imzalayıb. Qeydiyyatın vaxtında və dəqiq aparılması, növbəlilik prinsipi, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır.

Məlumat üçün bildirək ki, qeyd olunan vaxtadək ali təhsil müəssisəsinə gəlib qeydiyyatdan keçməyənlər ixtisaslarından imtina etmiş sayılırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə