Təhsil sahəsində aparılan islahatlar uğurlu gələcəyimizin təminatıdır

Dövlət başçısı ölkəyə rəhbərlik etdiyi dövr ərizində, bütün sahələrdə böyük nailiyyətlər əldə etmişdir. 2003-cü ildən bu günə qədər sürətli inkişaf dövrünü yaşayan dövlətimizdə gedən proseslərə həm də Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı yüksək qiymət verirlər. Bu inkişafın dayanıqlı olması üçün dövlət başçısının çıxışlarının birində qeyd etdiyi kimi, insanlar hazırlıqlı və gənclər bilikli olmalıdırlar. İnkişaf etmiş ölkələrin keçdiyi tarixi yola və bugünkü inkişafına nəzər salsaq, aydın görərik ki, həmin dövlətlərdə təhsilə, elmi inkişaf böyük önəm verilir, islahatlar aparılır. Vurğulamaq yerinə düşər ki, müasir dövrümüz elm, təhsil və qlobal düşüncə, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası dövrü kimi səciyyələnir. Bu, dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır. Yaşadığımız "Təhsil və informasiya əsri"ndə ölkəmiz təhsilin keyfiyyəti baxımından yeni mərhələni yaşayır. Prezident tərəfindən təhsilə böyük önəm verilməsi, yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına gətirib çıxarıb. "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir" deyən Azərbaycan Prezidenti Azərbaycanda savadlılığın təxminən 100 faiz olduğunu bildirib: "Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar".

"NEFT KAPİTALINI İNSAN KAPİTALINA ÇEVİRMƏLİYİK!"

Prezident İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirməliyik!" devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etməsi əbəs deyildi. Qeyd etdiyimiz zaman məsafəsində təhsilin maddi-texniki bazasının gücləndirilməsi, onun infrastrukturunun müasir tələblər səviyyəsində təşkili və təhsilin prioritetlərinin dünya elminin inkişaf tendensiyaları istiqamətində qurulmasında əhəmiyyətli nailiyyətər əldə edilib. Təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi məqsədi ilə dövlət proqramları qəbul edilmiş və layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilir. Bakı və Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında yeni məktəblərin tikintisinə diqqət yetirməklə yanaşı, mövcud məktəblərin əsaslı təmirinə də yer ayrılıb. Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı və istilik sisteminin bərpası nəticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Təhsil ocaqlarında informatika, laboratoriya otaqları, idman və akt zalları, hərbi otaqlar fəaliyyət göstərir, internet sistemi və müasir tədris avadanlıqları ilə təchiz olunub. Xatırladaq ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində 3000-dən artıq məktəb tikilib və təmir edilib. O cümlədən, ölkəmizin 40-dan çox bölgəsində 100-dən artıq qəzalı vəziyyətdə olan təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub.

TƏHSİLİN İNKİŞAFINA GÖSTƏRİLƏN DİQQƏT AZƏRBAYCANIN DÜNYA MİQYASINDA TANIDILMASINA VƏ LAYİQLİ YERİNİN TƏMİN OLUNMASINA XİDMƏT EDİR

Milli intibahı təmin edən ən başlıca vasitə olan təhsil həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib rola malikdir. Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb edir. Dövlət tərəfindən təhsilin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda, Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak

etməsini təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" istedadlı gənclərinin xaricdə təhsil almalarına yollar açmış oldu. Dövlət Proqramı əsasında Azərbaycan gəncləri ümumbəşəri dəyərlər əsasında təhsil almaq imkanına yiyələnirlər. Xarici ölkələrə tələbə göndərilməsi məqsədilə ixtisaslar seçilərkən, ölkə iqtisadiyyatının davamlı inkişaf strategiyası, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi, kadrların idarə edilməsi, idarəetmə sistemində aparılan islahatların ehtiyaclarının ödənilməsi və s. müasir dövrün tələblərinə uyğunlaşdırılması kimi prioritet istiqamətlər nəzərə alınır. Hazırda uğurla həyata keçirilən Dövlət Proqramı əsasında Azərbaycan gəncləri ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrdə təhsil alırlar. Bu tələbələrin yarıdan çoxu magistratura, aspirantura, doktorantura və digər diplomdan sonrakı proqramlar üzrə təhsilə yiyələnirlər. Gənclərin xarici ölkə ali məktəblərində təhsil almalarının təşkili prosesi dövlət, ictimai və özəl təşkilatların qarşılıqlı əlaqələri prinsipi üzərində qurulur. Tələbələrin bütün xərcləri - viza məsələləri və qəbul edən ölkədə onların qeydiyyata alınması, təhsil haqqı, yaşayış, tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta və gediş-gəliş biletlərinin alınması dövlət hesabına maliyyələşdirilir. Bu gün müxtəlif proqramlar üzrə xaricdə təhsillərini bitirib, Azərbaycana qayıtmış yüzlərlə məzun müxtəlif sahələrdə çalışaraq, ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə layiqli töhfələrini verməkdədirlər.

TƏHSİLİN MƏZMUNU VƏ KEYFİYYƏTİ VƏ TƏLİMİN TƏŞKİLİNƏ VERİLƏN TƏLƏBLƏRDƏ CİDDİ YENİLƏŞMƏ VƏ MÜASİRLƏŞDİRMƏ PROSESLƏRİ

Ardıcıl olaraq təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. Müasir dövrümüzdə bu islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu və keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Ümumiyyətlə, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı uğurla reallaşmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq

olunması haqqında" imzaladığı Sərəncam isə təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəd olaraq əhəmiyyətlidir. Reallıqlar göstərir ki, müstəqil Azərbaycan iyirmi birinci yüzillikdə qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi inkişafını təhsildən kənarda görmür, bu sahələrin inkişafına daim xüsusi diqqət yetirir.

Bu gün ölkəmizdə beynəlxalq yarışlar keçirilir ki, bu da, ölkəmizdə elmə verilən qiymətin məntiqi nəticəsidir. Məlumdur ki, Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi etdi. İnformatika üzrə beynəlxalq yarışa artıq 24 dəfə qatılsa da, ölkəmiz bu yarışa ilk dəfə ev sahibliyi edirdi. Məlumat üçün qeyd edək ki, informatika üzrə ilk olimpiada UNESCO-nun təklifi və dəstəyi ilə keçirilib. Bu nüfuzlu beynəlxalq yarışda indiyə qədər 24 dəfə təmsil olunan Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazandılar. Bu, onu göstərir ki, həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərin uğurları ildən-ilə yaxşılaşır.

Keyfiyyətcə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan təhsil sahəsində, eləcə də, digər sahələrdə bu uğurların əldə olunmasına ölkədəki sabitlik və təhlükəsizlik əsas şərtdir. Cənab Prezident qeyd etdiyi kimi: "... sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə