Astarada ali məktəblərə yüksək balla qəbul olmuş tələbələrlə görüş

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirib. SİA-nın məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin, Təhsil şöbəsinin məsul işçiləri, ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.

Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov 2018-2019-cu tədris ilinin təhsil göstəriciləri barədə məlumat verib. Tədris ilinin ümumtəhsil məktəblərimiz üçün uğurlu olduğunu, 2 şagirdimizin Respublika Fənn Olimpiadalarında medal qazandığını, 7 şagirdin fərqlənmə attestat aldığını diqqətə çatdırıb.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd edib ki, rayonumuzda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının ildən-ilə artması sevindiricidir. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan İcra başçısı vurğulayıb ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni eedib. Ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. İcra başçısı son illər rayonda 40-dan çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini qeyd edib.

Bu il rayonun orta məktəblərini bitirən məzunlardan 260 nəfərinin tələbə adını qazanmasını böyük nailiyyət olduğunu qeyd edərək, bu işdə əməyi olan müəllimlərə minnətdarlıq edən icra başçısı, tələbə gənclərə ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verməyi arzulayıb.

Tədbirdə çıxış edən valideyn Vüqar Ağayev gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılığını bildirib, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq edib.

Tələbə adını qazanmış Nərmin Əliyeva, Aysel Quliyeva və başqaları çıxış edərək dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləyiblər.

Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr verilib, xatirə şəkli çəkilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə