Naxçıvanda təhsil sahəsində də uğurlu nəticələr əldə edilir

Tədris ilinin nəticələrinə görə, muxtar respublikada tam orta təhsil səviyyəsi üzrə məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45-i isə fərqlənmə attestatına, ümumi orta təhsil səviyyəsi üzrə isə 69 məzun fərqlənmə attestatına layiq görülüb. Ötən müddətdə keçirilən fənn olimpiadalarında 51 şagird muxtar respublika, 25 şagird isə respublika fənn olimpiadalarının qalibi olub. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələrin icrası ilə bağlı keçirilən kollegiya iclasında səsləndirilib.

Kollegiyada çıxış edən muxtar respublikanın Təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2019-cu ildə də davam etdirilib. Ötən müddət ərzində Şərur rayon Kərimbəyli və Ordubad rayon Dəstə kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda muxtar respublikanın 11 tam orta məktəbi üçün binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.

Təhsil naziri muxtar respublikada müəllimlərin əməyinin stimullaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda istedadlı şagirdlərə dövlət qayğısı istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 20 iyun tarixli Sərəncamı ilə bu kateqoriyadan olan 7 mindən çox müəllimin əməkhaqqı sentyabrın 1-dən 20 faiz artırılacaq. Eyni zamanda “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə təhsil, idman və incəsənət sahəsində fərqlənən 3 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb, onların adı Gənc İstedadların “Qızıl kitabı”na yazılıb.

Diqqətə çatdırılıb ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası diqqətdə saxlanılıb, 793 tələbənin ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçməsinə şərait yaradılıb. Kadr hazırlığının yaxşılaşdırılması məqsədilə ali təhsil müəssisələrinə 200-ə yaxın dərslik və metodik vəsait hədiyyə edilib, “Startap Naxçıvan” çərçivəsində tələbələrlə maarifləndirici söhbətlər aparılıb, dərsliklərin müzakirəsində tələbələrin iştirakı təmin edilib, “Sabahın müəllimi” layihəsinin icrasına başlanılıb. Şahmat dərsini tədris edən müəllimlərin Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən attestasiya imtahanlarında iştirakı təmin edilib.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə