Paytaxt məktəblərində “Son zəng” çalındı FOTO

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, “Son zəng” tədbirlərində Təhsil nazirinin müavinləri Firudin Qurbanov, Məhəbbət Vəliyeva, Təhsil Nazirliyi Aparatının rəhbəri Muxtar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər.

Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və medallarla təltif olunublar.

“Son zəng” tədbiri məktəblərin daixilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini isə 19 786 nəfər bitirib. Paytaxtda 45 616 nəfər I sinfi, 655 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə