Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Sabahın müəllimi” layihəsinin təqdimatı olub. SİA xəbər verir ki, təqdimatda muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov çıxış edərək, “Sabahın müəllimi” layihəsinin muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına müsbət təsir göstərəcək yeni layihə olduğunu bildirib.

Nazir qeyd edib ki, layihənin əsas məqsədi pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkili, ali təhsil müəssisələrinin dərslik və metodik vəsaitlərlə təmin olunması, dərslik və metodik vəsaitlərin müzakirəsində iştirakının təşkili, tələbələrin innovasiyaya əsaslanan, yaradıcı düşüncəni əks etdirən yeni layihələrinin (startapların) dəstəklənməsi, müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsindən ibarətdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli və Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev muxtar respublikada müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsinin əhəmiyyətindən, pedaqoji kadr hazırlığı istiqamətində dövrün tələbləri baxımından həyata keçirilən yeniliklərdən bəhs ediblər.

Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin ingilis dili müəllimi, Prezident mükafatçısı Nigar Mirzəmmədova gənc kadrlar üçün yaradılan şəraitə, müəllim əməyinə verilən yüksək qiymətə və gənclərin inkişafına göstərilən qayğıya görə gənc müəllimlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq edib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə