İradə Hüseynovanın tələbə və müəllimlərlə görüşü keçirilib FOTOLAR

Bu gün Bakı Dövlət Universitetində (BDU) YAP Siyasi Şu­ra­sının üzvü, Respublika üzrə YAP Qadınlar Şurasının və İdarə Heyətinin üzvü, "Qafqaz xalqları tarixi" ka­fed­ra­sının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın həyat yoluna, elmi-pedaqoji və ictmai-siyasi fəaliyyətinə həsr olunmuş görüşü keçirilib. SİA xəbər verir ki, BDU-nun tarix fakültəsinin müəllim və tələbə heyətinin, eyni zamanda həmin fakültəni bitirən tanınmış elm və siyasət adamlarının iştirakı ilə baş tutan görüşü açıq elan edən universitetin Tarix fükültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov İradə Hüseynovanın Azərbaycan elminə, xüsusilə, tarix elminə verdiyi töhfələrindən, ictimai-siyasi fəaliyyətindən, elmi yaradıcılığından bəhs edərək, onun bu gün də yorulmaz fəaliyyət göstərdiyini vurğulayıb.

O da bildirilib ki, İ.Hüseynova görkəmli dövlət və siyasi xadim, Ümummilli Lider Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir.

Sonra söz İradə Hüseynovaya verilib. Keçdiyi keşməkeşli və qürurlu həyat yolundan bəhs edən İradə Hüseynova görüş iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, ilk növbədə BDU onun üçün doğma bir ocaqdır və 17 yaşından başlayaraq həyatının ən önəmli anlarını bu ali təhsil müəssisəsindən yaşamağa başlayıb.

Bakı şəhərində anadan olduğunu və 1980-ci ildə paytaxtın 8 saylı orta məktəbini əla qiymətlərlə bitirdiyini deyən İ.Hüseynova həmin ildəcə, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub. Onun tarix elminə olan hədsiz marağı sonradan ictimai siyasi və elmi fəaliyyətinə də böyük təkan verib. Belə ki, universitetdə yüksək fəallığı ilə seçilən İradə Hüseynova Tarix fakültəsinin əyani şöbəsinin hələ II kursunda oxuyarkən, əmək fəaliyyətinə başlamış, universitetin həmkarlar təşkilatının sədr müavini vəzifəsinə seçilmiş, 1981-1989-cu illərdə bu vəzifədə işləmişdir.

"Universitetdə oxuduğum müddət ərzində elmi cəmiyyətin fəaliyyətində, respublika və İttifaq səviyyəli ictimai-siyasi işlərdə fəal iştirak etmişəm", deyə İradə Hüseynova qeyd edib.

Ali təhsil aldığı dönəmdə ilk dəfə Ulu Öndər Heydər Əliyevlə görüşdüyünü xatırladan İ.Hüseynova bildirib ki, tələbə ikən onlar ölkənin kənd təsərrüfatının inkişafına yardım məqsədi ilə pambıq yığımına və s. işlərə cəlb olunaraq, əmək fəaliyyətlərini şaxələndiriblər. Məhz həmin ərəfədə onun rəhbəri olduğu tələbə heyəti respublika üzrə birinciliyi qazanıb. Bundan sonra Azərbaycan MK-dən BDU-ya məktub göndərilib ki, o, hazırda Heydər Əliyevin adını daşıyan, o dövrlərdə isə Respublika Sarayında çıxış edəcək. Öncə həyəcan keçirdiyini, sonradan isə, belə bir məsuliyyətli işin öhdəsindən şərəflə gəldiyini deyən İ.Hüseynova həmin iclasda Ulu Öndər Heydər Əliyevin də iştirak etdiyini qeyd edərək, dahi şəxsiyyətin onun çıxışına diqqətlə qulaq asdığını deyib. Lakin onun daha sonra bir neçə dəfə Azərbaycan xalqının Ümummilli Lideri ilə görüşü olacaqdı və İ.Hüseynova bu barədə də görüş iştirakçılarına bəhs etdi.

İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin layiqli varisi, ölkə Prezidenti cənab İlham Əliyevin, Onun xanımı, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının rifahı, dövlətimizin qüdrətlənməsi istiqamətində ardıcıl, dinamik fəaliyyət göstərdiklərini qeyd edərək vurğulayıb ki, bu gün Vətənini, dövlətini sevən hər bir azərbaycanlı sevimli Prezidentinin yanındadır və Onun ətrafında sıx birləşib.

"Azərbaycan Respublikası təhsil nazirinin müavini işlədiyi zaman Azərbaycanın ali təhsil sisteminə, elm sahəsinə, Azərbaycan Respublikasında təhsilin idarə olunmasına, təhsilin strategiyasının müəyyənləşdirilməsinə, şagird nailiyyətlərinin qiymətləndirilməsinə, təhsildə İKT-nin tətbiqinə, təhsilin idarə olunmasında məlumat sisteminin yaradılmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə, inklüziv təhsilə, təhsil sistemində gender məsələlərinin həllinə və s. kimi sahələrə rəhbərlik edərək, bir çox uğurlara imza ata bildim", deyə qeyd edən İ.Hüseynova əldə edilən hər bir nailiyyətdən sonsuz qürur hissi keçirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən tanınmış elm adamları, tələbə və müəllimlər, ictimai-siyasi xadimlər İ.Hüseynovanın elmi, siyasi yaradıcılığının hədsiz dərəcədə tarixi araşdırmaçılıq elminə, o cümlədən, Qafqaz xalqlarının tanıdılmasına töhfələr verdiyini deyərək, onun həm də elmin, təhsilin inkişafında yorulmaz fəaliyyət göstərdiyini vurğulayıblar.

Görüşdə İradə xanımın bədii yaradıclığından da bəhs edən videorolik nümayiş etdirilib.

Sonda isə, professor İ.Hüseynovanın elmi əsərləri görüş iştirakçılarına hədiyyə olaraq təqdim edilib, tələbə və müəllim heyəti ilə xatirə fotoları çəkilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə