Aprelin 24-də Bakıdakı 230 nömrəli tam orta məktəbdə “Oxu günü”nə həsr olunmuş “Gəlin mütaliə edək” mövzusunda tədbir keçirilib. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim, valideyn və şagirdlər iştirak ediblər.

İdarədən SİA-ya verilən xəbərə görə, tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətini artırmaq, yeniyetmə və gənclərin oxu vərdişlərini daha da inkişaf etdirmək, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir.

Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət müxtəlif nağılların mövzularına həsr olunmuş kompozisiyalarla tanış olublar. Şagirdlərin ifasında təqdim olunan səhnəciklər və ədəbi-bədii nümunələr maraqla qarşılanıb.

Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Təhmasib Məmiyev qonaqları salamlayıb, təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, şagirdlərin qazandığı uğurlardan danışıb. Məktəb direktoru şagirdlərin mütaliəyə marağının artırılması istiqamətində görülmüş işlərdən söhbət açıb. Məktəbin tədris uğurlarından bəhs edən T.Məmiyev 2 şagirdin məktəblilərin Respublika fənn olimpiadalarının final mərhələsinə yüksəldiyini, məktəbin yetirmələrinin robotexnika müsabiqəsində uğurla iştirak etdiyini qeyd edib. T.Məmiyev məktəblilərin idman sahəsində qazandığı nailiyyətlərin də artdığını bildirib.

Direktor şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün tədris ocağında əlverişli şəraitin yaradılmasının əsas amillərdən biri olduğunu söyləyib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə görülən tədbirlərdən danışıb. Şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını bildirib, həmçininmütaliə üçün motivasiyanın daha da artırılması istiqamətində məktəblərdə görülən işləri yüksək qiymətləndirib.

Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şeirlər söylənilib, Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar təqdim olunub. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə