Kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış Kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Məktəb-Lisey Kompleksində keçirilən görüşün əsas məqsədi paytaxtın ümumi təhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək verməkdən ibarətdir.

Kitabxanaçılar klubunun fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili üzrə mentorluğa ehtiyacı olan kitabxana işçilərinə müvafiq dəstəyin göstərilməsi, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi, səmərəli fikir mübadiləsindən yararlanma və araşdırma qabiliyyətinin inkişafı məsələlərini əhatə edir.

Görüş Respublika Elmi Pedaqoji Kitabxanasının təlimçilərinin moderatorluğu ilə keçirilib.

Görüş zamanı kitabxanaların iş fəaliyyəti, ümumi təhsil məktəbləri ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər barədə söhbət açılıb, klub üzvlərinin sualları cavablandırılıb. Əlavə olaraq, 2018-2019-cu tədris ilində şagirdlərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə hazırlanmış bir sıra yeni layihələr haqqında kitabxanaçılara məlumat verilib.

Qeyd edək ki, mütaliə istiqaməti üzrə ümumi təhsil məktəbləri arasında əməkdaşlıq çərçivəsində "Qızıl rəf", "Ədəbi natura", "Kitab bizim evin uzunömürlü üzvüdür", "Siz hələ də mütaliə etmirsiniz?", "Mən oxudum, siz də oxuyun" və bu kimi digər layihələrin reallaşdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...