Türkiyəli qonaqlar inklüziv təhsil siniflərində olub FOTO

Ölkəmizdə səfərdə olan Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri paytaxtdakı 138 nömrəli tam orta məktəbdə olub və sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu inklüziv təhsil sahəsi ilə maraqlanıblar.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, görüşdə Təhsil nazirinin müşaviri Nigar Bağırlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent Yazıcı, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi, Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri iştirak ediblər.

Məktəblə tanışlıqdan sonra qonaqlara məktəbin fəaliyyəti və əldə olunmuş uğurlar haqqında geniş məlumat verilib.

Tədbirdə çıxış edənlər “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər və inklüziv təhsil siniflərində müəllimlərin üzərinə düşən vəzifələr barədə məlumat veriblər. Bildirilib ki, müəllimlər sağlamlıq imkanları məhdud uşaqların məktəbə uğurlu inteqrasiyası və səmərəli öyrənmə mühitinin stimullaşdırılmasında hərəkətverici qüvvədir.

Görüş zamanı sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb, iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr müzakirə olunub.

Sonda şagirdlərin iştirakı ilə ədəbi-bədii və idman proqramı təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...