Gənclərə və təhsilə daha bir qayğı ŞƏRH

İlham Mədətov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru

Azərbaycan gəncliyi hər zaman ictimai proseslərin önündə gedərək, dövlətçiliyin inkişafında önəmli rol oynamışdır. Ümummilli lider Heydər Əliyev cəmiyyətin tərəqqisinin gənclərimizin müasir dövrün tələblərinə cavab verən intellektual səviyyəyə malik şəxslər kimi yetişməsindən asılı olduğunu dəfələrlə qeyd etmiş, gənclərə, onların təhsili və maarifləndirilməsinə daim böyük diqqət və qayğı göstərmişdir. Ulu öndərin ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Daha savadlı, istedadlı və dinamik gəncliyin formalaşması üçün bu gün hökumətimiz, o cümlədən təhsil sahələrində islahatlar həyata keçirir, gənclərin ictimai-siyasi həyatda rolunun artırılmasına xüsusi diqqət yetirir. Məhz dövlət başçımızın məqsədyönlü siyasəti nəticəsində respublikamız bu sahədəki strateji məqsədlərinə doğru inamla irəliləyir.

Ölkəmizdə enerji sahəsində əldə edilmiş uğurlar iqtisadiyyatın bütün digər sahələrində də dinamik inkişafa nail olmaq məqsədilə mühüm tədbirlərin görülməsinə imkan verir. Hazırda Azərbaycanda turizm sənayesinin qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Turizm sahəsinin inkişafı perspektivdə önəmli maddi mənfəətin əldə edilməsi ilə yanaşı, ölkə vətəndaşlarının, əsasən də gənclərimizin iş yerləri ilə təminatına, bütünlükdə insanların sosial rifahının daha da yüksəldilməsinə hesablanmışdır.

13 il əvvəl ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsi üçün tələb olunan ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yaradılmışdır. Məlum olduğu kimi, hazırda Azərbaycan turizm sənayesinin problemlərindən biri də dünya standartlarına cavab verən peşəkar kadrların azlığı ilə bağlıdır. Turizm sənayesinin dünya iqtisadiyyatının ən gəlirli və insan tutumlu sahələrindən biri olduğunu nəzərə alsaq, bu sahənin işsizliyin aradan qaldırılması, ölkənin iqtisadi inkişafı, habelə maddi-mədəni irsinin, tarixinin, adət-ənənələrinin təbliği baxımından müstəsna imkanlara malik olduğu aydın olar. Bugünlərdə ölkəmizin başçısı cənab İlham Əliyevin imzaladığı iki mühüm sərəncam Azərbaycanda təhsilin bütün səviyyələrdə inkişafına göstərilən növbəti böyük qayğıdan xəbər verir. Belə ki, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” doktorant və dissertantları elm tutumlu tədqiqatları uğurla yerinə yetirmələrinə, ali məktəb tələbələrini daha yaxşı oxumağa,eyni zamanda layiqli vətəndaş, peşəkar kadr olmağa səfərbər edir.

Bütün xəbərlər Facebook səhifəmizdə