"Təqaüdlərin artması oxumağa meylliliyi daha da gücləndirəcək" RƏY-ÖZƏL

“Ümumiyyətlə, Azərbaycanda oxuyan, işini bilən bacarıqlı, potensialı yüksək olan gənclərimizə yüksək stimul verilən addımlar atılır. Prezident İlham Əliyev tərəfindən tələbələrin təqaüdlərinin artırılması istiqamətində imzaladığı sərəncamlar da bu addımlardan biridir”. Bu fikirləri SİA-ya açıqlamasında əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət deyib.

O bildirib ki, Azərbaycan son dövrlərdə təhsil islahatının reallaşmasında həyata keçirilən addımlar uğura gedən yoldur və gənclərimizin oxumağa, mütaliəyə, sağlam rəqabətliliyə doğru getməsində çox müsbət rol oynayır.

Onun sözlərinə görə, təqaüdlərinin artırılmasının nəinki dövlət ali təhsil müəssisələrində də reallaşdırılması atılan addımların üstünlüyünü daha da artırmış olur: “Təqaüdlərin artması, tələbələr arasında oxumağa meyllilik, motivasiyanı daha gücləndirəcək. Tələbələr arasında rəqabət yaranacaq, və oxuyanlar daha da yaxşı oxuyub ən yüksək təqaüdü almağa çalışacaqlar. Elə tələbələr var ki, oxumaqdan yayınmağa çalışır, bu addım onların da təhsilə cəlb edilməsinə müsbət təsirlərini göstərəcək”.

A.Həsrət qeyd edib ki, ölkə başçısı tərəfindən atılan mühüm addım bölgələrdən paytaxta oxumağa gələn tələbələrin sosial problemlərinin həllində mühüm əhəmiyyət kəsb edəcək: “Bilirsiniz ki, bu gün paytaxta ali təhsil alan tələbələr arasında bölgələrdən gələnlərin sayı kifayət qədərdir. Onların ev tutması, nəqliyyat, yemək, təhsil üçün lazım olan vəsaitlər kifayət qədər xərc tələb edir. Təqaüdlərin nəzərəçarpacaq qədər artması, onların bu problemlərinin həllində böyük əhəmiyyət kəsb edəcək ”.

Ekspert söyləyib ki, gənclərimiz Azərbaycan Respublikasında yaşadıqları üçün fəxr etməlidirlər: “ Çünki, ölkəmizdə atılan hər bir addım gənclərimizin inkişafı, onların rifahı üçündür. Görülən işlər, atılan addımların əsas məqsədi sağlam gəncliyin yetişdirilməsidir”

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə