Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ADNSU-nun İctimai Etimad Şurasının üzvləri və media nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. SİA xəbər verir ki, mediatur zamanı Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov və baş katibi Şarlot Payen UFAZ haqqında təqdimatla çıxış ediblər. Tədbir iştirakçılarına UFAZ-da qəbul qaydaları, tədris prosesi və proqramları, ixtisaslar, tələbə kontingenti və s. barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, UFAZ-ın kimya, fizika, geofizika və kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələri üçün yaradılan tədris laboratoriyaları müasir avadanlıqla təchiz edilib. Fransa və Almaniya istehsalı olan avadanlığın laboratoriyada quraşdırılması Strasburq Universitetinin standartları əsasında aparılıb. UFAZ-ın 40 tələbəsi iki həftə ərzində Strasburqda yay məktəbində təcrübə keçib.

Tədbirdə UFAZ haqqında videoçarx nümayiş etdirilib.

Sonra İctimai Etimad Şurasının üzvləri UFAZ-ın tədris şəraiti ilə tanış olub, onu yüksək dəyərləndiriblər.

Xatırladaq ki, UFAZ 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci il aprelin 25-də iki ölkənin prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb, mayın 22-də isə dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Niyyət Məktubu təsdiqlənib. UFAZ-da tədris fransız proqramı əsasında aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda, hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini öyrənirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə