Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir

Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir. İmtahan və Keyfiyyətə nəzarət Şöbəsindən verilən məlumata görə hava şəraiti ilə əlaqədar olaraq təxirə salınan imtahanlar növbəti günlərdə qrafik üzrə təşkil olunacaq.

Universitetdə tələbələrin müraciətlərinin operativ və obyektiv şəkildə araşıdırılması üçün Apelliyasiya Komissiyası yaradılıb.

Məlumat üçün bildirək ki, Qərbi Kaspi Universitetində əvvəlki imtahan sessiyalarında olduğu kimi, bu dəfə də fərqli imtahan modelləri tətbiq edilir. Belə ki, mövcud imtahan formaları ilə (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar) yanaşı, yeni imtahan modelləri tətbiq edilir. Bu modellər “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi imtahan üsullarıdır.

Yeniliklərdən biri də budur ki, tələbələr imtahan formasını özləri seçmək hüququna malikdirlər. Bu imtahan modelləri tələbələrə yalnız nəzəri deyil, təcrübi bilikləri də mənimsəməyə imkan verir. Bundan əlavə, tələbələri səthi biliklərdən və əzbərçilikdən uzaqlaşdıraraq, onların düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.

“Açıq kitab” üsulunda tələbələr imtahan keçirilən müddətdə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilərlər. Bununla belə, suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir.

“Keys həlli” üsulu isə tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə