Dövlət qulluğunda işləmək istəyənlər üçün növbəti imtahan

Dövlət İmtahan Mərkəzi fevralın 17-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat 10 fevral saat 18:00-dək davam edəcək. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində DİM-in portalında müraciət formasını doldurur.

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə