ADMİU-da qış imtahan sessiyasının şəffaflığı üçün lazımi şərait yaradılıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) payız semestrinin qış imtahan sessiyası keçirilir. ADMİU-dan SİA-a bildiriblər ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa müddətdə araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və münaqişə komissiyası yaradılıb.

Rektor, professor Ceyran Mahmudova imtahan sessiyası ərəfəsində universitetdə ciddi hazırlıq işlərinin aparıldığını, şəffaflığın təmin edilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıb.

ADMİU-da imtahanlar yazılı və şifahi formada aparılır. Şifahi imtahanlar tamaşa, sərgi, konsert, nümayiş formatında keçirilir. İmtahanlararası müddət iki gün, imtahanlara ayrılmış vaxt isə üç saat müəyyənləşdirilib.

Teatr sənəti fakültəsində bu sessiya 225 imtahanın keçirilməsi nəzərdə tutulub. Tələbələr imtahanlarda sessiya ərzində öyrəndikləri barədə hesabat verirlər. Teatr sənəti fakültəsinin teatr və kino aktyoru, musiqili teatr aktyoru və dram rejissoru ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə N.Qoqolun “Evlənmə”, “Müfəttiş”, J.B.Molyerin “Meşşan zadəganlıqda”, N.B.Vəzirovun “Sonrakı peşmançılıq fayda verməz”, “Nə əkərsən, onu biçərsən”, “Ev tərbiyəsinin bir şəkli”, “Ağa Kərim xan Ərdəbili”, “Pul düşkünü Hacı Fərəc”, “Yağışdan çıxdıq, yağmura düşdük”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, “Köhnə dudman”, “Padşahın məhəbbəti”, “Vaveyla”, M.İbrahimbəyovun “Kərgədan buynuzu”, Elçinin “Qatil”, S.Şnayederin “İlan dərisi”, C.Qolsuorsinin “Balaca adam”, M.Meterlinkin “Orada, içəridə!”, S.Bekketin “Düyün”, A.Çexovun “Yubiley”, S.Mrojekin “Bir yay günü”, Kobo Abenin “Dəyənəyə çevrilən adam!”, F.Dostoyevskinin “Katerina İvanovna M” əsərləri əsasında tamaşalar və parçalar hazırlanıb.

İmtahan prosesinin təşkili ilə tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsi məşğul olur. Şöbənin müdiri Turxan Süleyman imtahanların lazımi avadanlıqlarla komplektləşdirilmiş xüsusi auditoriyalarda keçirildiyini və nəticələrin imtahan başa çatdıqdan sonra qısa müddətdə elan edildiyini bildirib.

Şöbə müdiri tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, obyektivliyin tam təmin olunduğunu söyləyib.

Bu il qış imtahan sessiyasında ADMİU-da əsas, təkrar və bölünmələri nəzərə aldıqda ümumilikdə təxminən 2000 imtahanın keçirilməsi planlaşdırılır. İmtahanların təşkilinin tələb olunan səviyyədə təmin edilməsi üçün sessiya müddətində dekanlıqlarda və kafedralarda xüsusi iş rejimi təyin edilib. Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədilə imtahan keçirilən binalarda “Qaynar xətt” nömrələri və “Şikayət və təklif” qutuları asılıb. Hər bir fakültə üzrə apellyasiya komissiyaları fəaliyyət göstərir.

ADMİU-da imtahan sessiyası fevralın 1-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə