30 mindən çox müəllim etiraz tətilinə başlayıb

Los-Ancelsdə 30 mindən çox müəllim ötən gündən tətil etməyə başlayıb. SİA-nın xəbərinə görə, bu barədə "The New York Times" qəzeti yazır.

Mənbənin məlumatına görə, müəllimlər əmək haqqını artırmaq, məktəblərdə sinif sayını azaltmaq, əlavə müəllim və kitabxanaçıların işə götürülməsini tələb edirlər.

Tətilin təxminən 500 min məktəbliyə təsir edəcəyi bildirilir. Lakin məktəblər işlərini davam etdirməyə hazırdırlar, çünki şəhər hakimiyyəti tətil müddətində əlavə müəllimləri işə götürüb.

Müəllimlər tərəfindən keçirilən tətilin son 30 ilin ən böyük etiraz aksiyası olduğu bildirilir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, yanvarın 11-də Yunanıstanın paytaxtı Afinada da müəllimlər dövlət qurumlarında işə qəbulla bağlı qəbul olunan yeni qanun layihəsinin işçilərin daimi işə cəlb edilməsini çətinləşdirdiyinə görə etiraz edirdilər. Etiraz zamanı bir neçə qarşıdurmalar qeydə alınmışdı. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə