Respublika çempionatı ilə bağlı görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəblər arasında respublika çempionatında qalib gəlmiş ümumi təhsil müəssisələrinin direktorları və fiziki-tərbiyə müəllimləri ilə görüş keçirilib. İdarədən SİA-ya verilən xəbərə görə, görüşdə BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva, İdarənin əməkdaşları, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, ümumi təhsil məktəblərinin direktorları, fiziki-tərbiyə müəllimləri iştirak ediblər.

BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva çempionatda uğurla iştirak edərək qalib gəlmiş məktəblərin pedaqoji kollektivi və şagirdlərini təbrik edib, yarışın növbəti mərhələsində də onlara böyük nailiyyətlər qazanmağı arzulayıb.

Ölkəmizdə idmanın inkişafında məktəblilərin idmana kütləvi cəlb olunmasının əhəmiyyətini vurğulayan müdir müavini təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə edilməsində təhsilalanların sağlamlığının vacibliyini diqqətə çatdırıb.

Daha sonra məktəb direktorlarının, fiziki-tərbiyə müəllimlərinin çempionatla bağlı fikirləri dinlənilib, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.

Qeyd edək ki, məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumi təhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda şahmat, atletika, voleybol və basketbol idman növləri üzrə bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin II-XI şagirdləri iştirak ediblər.

Onu da qeyd edək ki, yarışların final mərhələsi voleybol idman növü üzrə 1-2 mart, basketbol idman növü üzrə 3-4 mart, atletika idman növü üzrə 1-2 may, şahmat idman növü üzrə isə 3-9 may tarixlərdə təşkil olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə