Eksternat imtahanları başa çatıb

Yanvarın 8-də Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb. İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) bitirə bilməyən şəxslər iştirak edib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 102 nəfər qatılıb. Eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 11 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, xarici dil, coğrafiya, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Məqbul qiymət almış şəxslərin siyahısı baku.edu.gov.az saytında yerləşdiriləcək.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə