Məktəblilərarası breyn-rinq bilik yarışı keçirilib

Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilib. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.

Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider” komandaları iştirak edib.

Bilik yarışının Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ilk mərhələsində komandalar Azərbaycan tarixi, coğrafiya, riyaziyyat fənləri və ümumi dünyagörüşü üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda 113 nömrəli tam orta məktəbin “Bilik” komandası 11 xal toplayaraq digər komandalardan üstün olub.

Qeyd edək ki, “Gənc istedadlar” breyn-rinq bilik yarışının hər ay keçirilməsi planlaşdırılır. Yarışın bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə