Çexiya səfiri Qərbi Kaspi Universitetində

Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert Qərbi Kaspi Universitetində tələbələrlə görüşüb. Universitetin ənənəvi “Səfir saat” layihəsi çərçivəsində keçirilən görüşdə səfir tələbələr qarşısında çıxış edib. Çexiya-Azərbaycan münasibətlərinə toxunan M.Ekert iki ölkə arasında yüksək səviyyədə siyasi dialoqun olduğunu, iqtisadi-ticari əlaqələrin inkişaf etdiyini qeyd edib.

Səfir bildirib ki, qədim İpək Yolunun üstündəki strateji mövqeyi, hazırkı iqtisadi nailiyyətləri, resursları, eləcə də Cənubi Qafqaz regionunda oynadığı mühüm rol Azərbaycanı bütün Avropa, eləcə də Çexiya üçün cəlbedici edir.

Daha sonra səfir tələbələrlə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Müzakirələrdə iki ölkə arasında əlaqələrin Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığı baxımından əhəmiyyəti də qeyd edilib. M.Ekert Qərbi Kaspi Universitetində keyfiyyətli təhsil üçün yaradılmış şəraiti yüksək qiymətləndirib, tələbələrə təhsillərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə