Bakı Ali Neft Məktəbinin yeddi yaşı tamam olur

Bakı Ali Neft Məktəbinin (BANM) fəaliyyətə başlamasından yeddi il ötür. BANM-dən SİA-ya bildiriblər ki, Azərbaycan universitetlərinin reytinq cədvəlində öz liderliyini saxlayan ali məktəb Prezident İham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb. Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusu da 2017-ci il mayın 1-də dövlətimizin başçısının iştirakı ilə açılaraq istifadəyə verilib.

Prezident İlham Əliyev açılış mərasimində ali məktəbin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Bakı Ali Neft Məktəbi artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu illər ərzində ali məktəb Azərbaycanın təhsil məkanında artıq öz layiqli yerini tuta bilibdir. Burada oxumaq, biliklərə yiyələnmək üçün bütün şərait yaradılıb, ən müasir texnologiyalar tətbiq olunur.”

Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatına əsasən, BANM ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta ballara görə reytinq cədvəlində Azərbaycan universitetləri arasında birinci yerdədir. Cari ildə BANM-ə qəbul üçün ümumi orta bal 678 bal olub.

Bu il, həmçinin I ixtisas qrupu üzrə 700 bal toplamış 13 abituriyentin hamısı BANM-i seçib. Bu göstərici ölkə tarixində rekord göstəricidir. 2018-2019-cu tədris ilində BANM-in 26 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Bu da BANM-i ölkə üzrə ali məktəblər arasında lider edib.

Ali məktəb 7 illik fəaliyyətində artıq ikinci məzunlarını buraxıb. Bu təhsil ocağını bitirən məzunlar hazırda yerli və transmilli şirkətlərdə çalışır və dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.

BANM peşəkar mühəndislərin hazırlanmasında ölkəmizin və dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir. Bu da təhsil müəssisəsinin məzunlarının beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə