Azərbaycan müəllimlərinin XV Qurultayının Qətnaməsi

Azərbaycan müəllimlərinin XV Qurultayının qətnaməsi qəbul edilib. SİA-nın məlumatına görə, qurultay Prezident İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, təhsil nazirinin hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq qətnamə qəbul edib.

Qətnamədə uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq, 5 yaşlıların məktəbəhazırlığının təmin olunması sahəsində tədbirlərin davam etdirilməsi, əhatəliliyin 2020-ci ildə 90 faizə, sonrakı mərhələdə isə 100 faizə çatdırılması, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafı üzrə yeni Proqramın reallaşdırılmasına nail olunması, bütün təhsil pillələri üzrə səriştə əsaslı məzmunun hazırlanması, xüsusilə müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması istiqamətləri öz əksini tapıb.

Qətnamədə eyni zamanda əhatə olunan istiqamətlər yeni kurikulumlara və İKT əsaslı təlim metodologiyasına uyğun olaraq ümumi təhsil pilləsində dərslik hazırlığının təkmilləşdirilməsi, ehtiyat dərsliklərin, eləcə də elektron resursların və təlim materiallarının hazırlanması sahəsində sistemli işlərin davam etdirilməsi, ölkəmizin beynəlxalq qiymətləndirmə tədqiqatlarında və beynəlxalq reytinqlərdə nəticələrinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, ümumi təhsildə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi, təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və bu kimi innovativ məzmunun tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi, bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilinin təşkili, bununla əlaqədar yeni məzmun və təlim texnologiyalarının hazırlanması və tətbiqi, İKT əsaslı infrastrukturun və elektron idarəetmə sisteminin yaradılması, rəqəmsal bacarıqların inkişafı, elektron tədris resurslarından istifadənin genişləndirilməsi, bu sahədə pedaqoji və inzibati heyətin potensialının gücləndirilməsi, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi yolu ilə əməyinin stimullaşdırılması və müəllim nüfuzunun yüksəldilməsi sahəsində son illərdə qazanılmış təcrübənin davam etdirilməsi olub.

Qətnamədə təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi və bu kimi sistemli tədbirləri özündə ehtiva edən “Milli tərbiyə konsepsiyası”nın hazırlanması, “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan hədəflərə nail olunması istiqamətində əmək bazarının tələblərinə uyğun olaraq biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi, ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına uyğun olaraq məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması, ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə xaricdə doktorantura səviyyəsində təhsilin təşkili, keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi kimi istiqamətlər də yer alıb.

Qətnamədə daha sonra qeyd edilir: "Qurultay böyük inam və nikbinliklə bəyan edir ki, müstəqil Azərbaycanın müəllimləri və bütövlükdə təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə