"Təəssüf ki, bəzi müəllimlər iftira proseslərində iştirak edir"

"Dövlət İmtahan Mərkəzi üzərinə düşən missiyanın səmərəliliyini təmin etmək üçün proses iştirakçıları ilə sağlam əlaqə yaratmağın xüsusi əlaməti var. Bu prosesdə müəllimlərin də müstəsna rolu var. Hesab edirik ki, prosedurların şagird və valideynlərə izah olunması, nəticələrin düzgün təqdim olunmasında, uşaqların zəif və güclü cəhətlərinin müəyyən olunmasında müəllimlərin yaxından iştirakı vacibdir". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Müəllimlərinin XV Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, DİM-in fəaliyyəti ilə əlaqədar ictimaiyyətdən də çox olmasa da şikayətlər qəbul olunur: "Ancaq biz o şikayətləri əks əlaqə kimi qəbul edirik. Builki imtahan kampaniyası ərzində DİM-ə 2417 yazılı müraciət daxil olub. Bu da iştirakçıların sayının 0.3 faizini təşkil edir. Bu cür əks əlaqələr prosesin daha da təkmilləşməsinə kömək edir. Lakin onu da qeyd edim ki, biz yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq. Təəssüf ki, bəzən müəllim adını daşıyan bəzi şəxslər də bu tipli proseslərdə iştirak edir. Təbii ki, biz bu cür halların qarşısını alırıq və belə əməllərə hüquqi qiymət verilməsini təmin edirik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə