Bahar Muradova: "Təhsilə qoyulan investisiya özünü doğrultmaqdadır"

"Azərbaycan Müəllimlərinin XV Qurultayı Azərbaycan xalqının gələcək həyatını dəyişmək üçün vacibdir. Hesab edirəm ki, iş olmayan yerdə uğurlu hesabat ola bilməz". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Müəllimlərin XV Qurultayında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanda elə bir insan yoxdur ki, təhsil sahəsi ilə bağlı olmasın və bu sahədə yeridilən siyasət, əldə edilən nəticə və üzləşdiyimiz problemlər onun həyatına təsir etməsin: "Ötən 5 ildə təhsil sisteminin inkişafı ilə bağlı çox işlər görülüb. Azərbaycan maliyyə imkanlarını hərbidən sonra təhsilə qoyulub. Bu sahəyə qoyulan kapital insan kapitalına, gələcəyimizin yüksək standartlar sahəsində inkişafına və yeni kadrların yetişdirilməsinə qoyulan investisiyalardır. Bu sahəyə qoyulan investisiya artıq özünü doğrultmaqdadır".

B.Muradova söyləyib ki, müəllim peşəsinin çətinliklərinin gələcəkdə də nəzərə alınması mütləqdir: "Azərbaycan dövlətinin bütün sahələrində müasirləşməsi məsələsi qarşımıza qoyulan əsas məqsədlərdəndir. Bunun ağırlıq yükü müəllimlərin çiyinlərindədir. Təhsil heç bir halda dövlətin və təhsil verənin üzərində ola bilməz. Valideynlərin övladları ilə birlikdə təhsil alması məsələsinə ciddi diqqət yetirməliyik. Biz təhsil infrastrukturun yaradılmasından danışırıqsa, burada ailə vacibdir".

Milli Məclisin sədr müavini qeyd edib ki, hazırda Milli Məclisdə növbəti ilin büdcə layihəsi haqqında qanunlar müzakirə edilir: "Müzakirələr zamanı çıxış edən millət vəkilləri əsas diqqəti təhsil sahəsi və problemlərə yönəldir. Növbəti ilin büdcəsinə ali təhsil alan tələbələrin dövlət hesabına təhsil almasına görə edilən əlavə maliyyə ciddi əhəmiyyət kəsb edir. Bu vacib tendensiyanın başlanğıcıdır. Çünki özəl ali məktəblərdə oxuyanların dövlətdə oxuyanlardan artıq ola bilməz. Ona görə dövlətin imkanları verdiyi şəraitdə ölkə prezidenti də bu istiqamətlərdə mühüm addımlar atır. Dövlətin vəzifəsi, borcudur ki, bütün sahələrin inkişafında əsas yükü öz üzərinə götürsün. Cəmiyyət də bu sadəhə ciddi dəstək verməlidir".

B.Muradova vurğulayıb ki, təhsilin alınmasında ailənin maddi imkanını öz övladının yönəltməsində qeyri-adi heç nə yoxdur: "Bəzən cəmiyyət bunu birmənalı qarşılayır. İmkanlı ailənin Azərbaycan təhsilinə öz töhfəsini verməsini araşdırmalıyıq. Hansı maddi durumu yaxşı olan ailə öz övladının təhsili üçün mkanlarını səfərbəy etmək istəməz? Hesab edirəm ki, bununla bağlı forma düşünmək olar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə