Müəllimlər üçün seminarlar maraqla qarşılanır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün seminarlar keçirilib. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan seminarların əsas məqsədi Azərbaycan dili və ədəbiyyat fənninin tədrisində kurikulumun tətbiqi, müasir təlim texnologiyalarından istifadə, formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən seminarlarda təlim prosesini əks etdirən dərslər nümayiş olunub, müəllimlərə kurikulum əsasında keyfiyyətli dərsin təşkilinə dair müvafiq tövsiyələr verilib.

Seminarlarda, həmçinin müəllimlər formativ qiymətləndirmə ilə bağlı məlumatlandırılıblar. Bildirilib ki, bu proses şagirdlərin həvəsləndirilməsi, tədris prosesində ünsiyyət mədəniyyətinin yüksəldilməsi, jest və mimikanın şagird fəaliyyətinə müsbət təsiri baxımından mühüm rol oynayır.

Seminarların sonunda qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, seminaların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...