Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilib FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində "Yeniyetməlik dövründə şagirdlərin yaş böhranı ilə əlaqədar qarşılaşdıqları problemlər və onların həlli yolları" mövzusunda maarifləndirici seminarlar keçirilib.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Təlimə Dəstək Mərkəzi tərəfindən keçirilən seminarlarda məktəbin pedaqoji kollektivi, Vll-Xl sinif şagirdləri və valideynlər iştirak ediblər.

Seminar çərçivəsində şagirdlərə hədəfi düzgün təyin etmək, məqsədə çatmaq, özünə inamı artırmaq, həyəcanı dəf etmək, özünənəzarəti və özünütərbiyəni gücləndirmək kimi məsələlərə toxunulub. Yeniyetməlik dövrünün çətinlikləri mövzusunda seminar iştirakçıları ilə fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.

Şagirdlərin öz məqsədlərinə çatmaları üçün nə qədər iddialı olduqlarını yoxlamaq, o cümlədən sinifdə birliyin səviyyəsini ölçmək məqsədilə şagirdlər arasında müxtəlif oyunlar da keçirilib.

Valideynlər ilə keçirilən seminarlarda isə uşaqların erkən psixi inkişaf dövründə aldıqları psixoloji travmaların onların növbəti yaş böhranlarında müxtəlif pozuntulara (nevrotik enurez, nevrotik enkoprez, isterik nevroz, ipoxondrik nevroz, nevrotik kəkələmə, iştahanın nevrotik pozuntusu və s.) səbəb olma riskinin artması ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Həmçinin görüşlərdə valideyn və şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.

Seminarların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...