Müəllim və valideynlər qəbul edilib

Noyabrın 16-da paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, müəllim və valideyn müraciətlərinin yerində dinlənilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakıdakı 1 nömrəli tam orta məktəbdə Nəsimi və Binəqədi rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, şagirdlərin dərs yükü, məktəbin qarşısında piyada zolağının çəkilməsi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə