Təhsil Nazirliyinə yeni təyinat olub. Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Hacızadənin SİA-ya verdiyi xəbərə görə, İdris İsayev təhsil nazirinin müavini təyin edilib. Bununla da Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun müavinlərinin sayı 3-ə çatıb.

Qeyd edək ki, İdris İsayev 1970-ci ilin 22 oktyabr tarixində anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.

1993-2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. Daha sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

Evlidir, 3 övladı var.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə