"Azərbaycanda elmə və təhsilə də investisiya qoyulmalıdır" TƏKLİF

"Azərbaycanda sürətli iqtisadi inkişaf var və ictimai həyatın bütün sahələrində də bu hiss olunur. Büdcəmizin sosial yönümlü olması, eyni zamanda investisiya yönümlü olması ölkənin iqtisadi potensialını daha da artırır. Bir tərəfdən işçi qüvvəsinin, digər tərəfdən isə istehsal sahələrinin genişlənməsinə, çox böyük milli layihələrin kerçəkləşdirilməsinə imkan yaradır. Əlbəttə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox uğurlu siyasət nəticəsində inanıram ki, növbəti illərdə də bizim büdcəmiz daha da artacaq və əhalinin sosial rifahı yaxşılaşacaq”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu çox sürətlə gedir, vətəndaş cəmiyyəti oturuşub: “Amma yenə də Azərbaycana qarşı müəyyən təhdidlər var. Hesab edirəm ki, bu gün vətəndaş cəmiyyətinin inkişafında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti tədqirəlayiqdir vöə bu istiqamətdə QHT-lərin fəaliyyəti öz müsbət nəticələrini verib. Hesab edirəm ki, büdcədə gələcəkdə Azərbaycanda QHT-lərin maliyyələşməsi, maarifləndirmə işlərinin gücləndirilməsi, eyni zamanda beynəlxalq tədbirlərin keçirilməsi və xarici ölkələrdəki QHT-lərlə əməkdaşlıq çərçivəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyəti davam etdirmək üçün maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac var”.

B.Əliyev həmçinin bildirib ki, istənilən bir ölkənin gücü, potensialı onun elmi və təhsili ilə ölçülür: “Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında çox böyük islahatlar gedir. Bu islahatların davamlı olması üçün təbii ki, ilkin mərhələdə böyük maliyyə dəstəyinə ehtiyac var. Hesab edirəm k, Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır. Bu baxımdan da növbəti ilin büdcəsində investisiya istiqamətində Azərbaycan elminin inkişafı üçün konkret danışıqların aparılması və AMEA-ya investisiya istiqamətində ən azı ilkin mərhələdə 50 milyon manat vəsaitin ayrılması Azərbaycan elminin inkişafına, iqtisadiyyatın güclənməsinə böyük töhfəsini verəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə