Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün qanunvericiliyə yeni təkliflər hazırlanıb

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb. SİA-nın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası ilə əlaqədar fəaliyyətlərin icrasına başlanılıb.

Nazir qeyd edib ki, Təhsil Nazirliyinin tərkibində işçi qrup yaradılıb və bu sahədə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq müzakirələr aparılıb.

O əlavə edib ki, yaxın zamanlarda hazırlanmış təkliflər paketi Nazirlər Kabinetinə təqdim ediləcək.

C.Bayramov onu da bildirib ki, 2017-2018-ci tədris ilində xüsusi təhsilə cəlb olunan 10130 sağlamlıq imkanları məhdud olan uşağln 6521 nəfəri evdə təhsilə, 3609 nəfəri isə xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimi təhsil müəssisələrində və ümumi təhsil müəssisələrinin nəzdindəki xüsusi siniflərdə təhsilə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə