Yazıçılar Birliyinin üzvləri Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə görüşüblər

Azərbaycan ədəbiyyatı tarixən özünəməxsus xüsusiyyətləri və ənənələri ilə seçilib. Tarixin bütün dövrlərində Naxçıvanda yaşayıb-yaradan yazıçı və şairlər ədəbiyyatımıza öz töhfələrini veriblər. Xəbər verilir ki, bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada yaşayıb-yaradan qələm sahibləri ilə tələbələrin görüşündə səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev bildirib ki, muxtar respublikanın təhsil ocaqlarında tələbələrin yazı, mütaliə vərdişlərini inkişaf etdirmək və onları yaradıcılığa həvəsləndirmək məqsədi daşıyan görüşlərin keçirilməsi artıq ənənə halını alıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin tarixinə nəzər salan birliyin sədri Asim Yadigar vurğulayıb ki, indiyə kimi 30-a yaxın almanax dərc olunub. Bunların 16-sı son 11 ildə işıq üzü görüb. Şair və yazıçıların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, onlar Prezident mükafatına və fəxri adlara layiq görülüblər.

Tədbirdə Yazıçılar Birliyinin üzvlərindən İbrahim Yusifoğlu, Əbülfəz Ülvü, Elxan Yuroğlu, Qafar Qərib, Sədaqət Nemət, Süsən Kərimli çıxış edərək, muxtar respublikada yaradıcı insanlara göstərilən dövlət qayğısından danışıb, gənc nəslin intellektual səviyyəsinin yüksəlməsi üçün mütaliənin əhəmiyyətini vurğulayıblar.

Təhsil ocağının məzunlarından Mirşahin Seyidov, Ayxan Hüseynov və başqalarının söylədikləri şeirlər maraqla qarşılanıb.

Sonda tələbələrin sualları cavablandırılıb. Öz şeirlərini səsləndirən tələbələrə hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə