"Xeyir gətirməyən elmi müəssisələr ləğv olunmalıdır"

"Elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır, bu artırılmalıdır. Bu vəsaitlə elmin, təhsilin ciddi inkişafından danışmaq olmaz. Məndə olan məlumata görə, bir çox gənclərimiz burada aldıqları əməkhaqları çox az olduğundan elmlə məşğul olmaq üçün xarici ölkələrə üz tuturlar”. SİA-nın məlumatına görə, bunu deputat Fəzail Ağamalı parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycandan xaricə beyin axını problemi var: “Bu, bizi ciddi şəkildə narahat etməli və düşündürməlidir. Məsələn, bu gün İsraildə ildə elmə ən azı 16 milyard dollar vəsait ayrılır və bunun nəticəsidir ki, cəmi 8 -9 milyonluq bir xalq dünyaya az qala hökümranlıq edir. Ona görə də bizdə elmə, təhsilə ciddi diqqət yetirilməli, maliyyə vəsaitləri qat-qat artırılmalıdır. İslahatlar gücləndirilməlidir, xeyir gətirməyən sahələrdən, elmi müəssisələrdən qurtarmaq lazımdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə