Məktəblilər arasında çempionat

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında futbol çempionatı keçirilir. Bakı şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan çempionatın əsas məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, şagirdlərin sağlam və aktiv həyat tərzinin təbliği işini genişləndirmək və futbol idman növünə marağını artırmaqdan ibarətdir.

“Məktəblinin dostu kuboku” adlı futbol çempionatında layihənin tətbiq olunduğu 32 məktəbin VII və VIII sinif şagirdlərindən ibarət komandalar mübarizə aparır.

Çempionatın sonunda I, II və III yerlərə layiq görülən komandalar mükafatlandırılacaq.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...