Dərsliklər niyə bayağılaşır? ARAŞDIRMA

Zaman–zaman dərsliklərdəki nöqsanlarla bağlı məsələ gündəmə gələrək ekspert, ziyalılar tərəfindən bu sahədə olan problemlər qabardılır. Bəzi ekspertlər dərsliklərdə fonetik, leksik və qrammatik normaların pozulması hallarının çoxluğundan, bəziləri dərsliklərin dilindən, bəziləri üslub səhvlərindən narazılıqlarını bildirirlər. Lakin bir neçə gün bundan öncə Milli Məclisin plenar iclasında deputatlar tərəfindən dərsliklərlə bağlı gündəmə gətirilən problemlər məsələyə yenidən qayıtmağa imkan yaradıb. Belə ki, Milli Məclisin üzvləri dərsliklərdə elmi səhvlərlə yanaşı, orada yazılanların xüsusilə də aşağı sinif şagirdlərinin yaşına uyğun olmadıqlarını açıqlayaraq bunun yol verilməz olduğunu bildiriblər. Söylənən iradlara əsasən deyə bilərik ki, dərsliklər bağlı aşkarlanan əsas problemlər standartların siniflər üzrə bölgüsündə şagirdlərin yaş xüsusiyyətlərinin əsasən nəzərə alınmaması, standartlarda nəzərdə tutulmayan mövzu və anlayışlardan istifadə edilməsi, terminlərin yerində düzgün işlədilməməsi, izahların natamamlığı, mətnlərin seçilməsi, tapşırıqların forması və məzmunu ilə bağlıdır. Bəs görəsən bu yanlışlıqlar məktəblilərə necə təsir edir və bunun qarşısını necə ala bilərik?

“Ən ciddi qüsur nəşriyyatlara aiddir”

Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, ibtidai sinif dərsliklərini təhlil edərkən həqiqətən də dərs vəsaitlərində nöqsanlara yol verildiyini görürük: “Burada söhbət təkcə müəllifdən deyil, metodist, psixoloq, müəllimlərdən gedir. Bu cür dərsliklər şübhəsiz ki, müzakirəyə çıxarılır. Amma təəssüf ki, təkliflər yetərli olmur, ortaya qüsurlar çıxır. Burada ən ciddi qüsur nəşriyyatlara aiddir. Çünki müəllifləri nəşriyyatlar seçirlər. İkinci məsuliyyət dərslikləri qiymətləndirmə şurasının üzərinə düşür. Ola bilsin ki, qiymətləndirmə meyarlarında çatışmazlıqlar var. Nəticədə istər müəllim, istər valideyn, istərsə də şagirdlərin özü dərsliklərdəki qüsurları aşkara çıxara bilirlər ”.

“Alternativ dərsliklərin yazılmasının vaxtı çatıb”

Ekspert hesab edir ki, bu problemlərin qarşısının alınması üçün alternativ dərsliklərin yazılmasının vaxtı çatıb: “ Alternativ dərsliklər olmadığına görə, bütün müəllim heyəti fənlər üzrə bir dərsliyin üzərində dayanır. Bir dərsliyə bütün meyarlar əsasında yaxşı vəsait demək mümkün deyil. Bir çox hallarda dərsliklərdə məzmuna diqqət edilmədiyi üçün ciddi məzmun qüsurlarına rast gəlmək mümkündür. Elə dövr olub ki, əllərində səlahiyyəti olan insanlar bütün dərsliklərin yazılmasını öz üzərinə götürüblər. Belə olan halda, əlbəttə ki dərsliklərdəki qüsurların olması qaçılmaz olmaya bilməz”.

“Ali məktəblərin nəzdində dərslik laboratoriyaları yaradılmalıdır”

Təkliflə çıxış edən E. Əliyev söyləyib ki, problemin qarşısının alınması üçün ali məktəblərin nəzdində dərslik laboratoriyaları yaradılmalıdır: “Dərsliklər geniş müzakirə olunmalı, müəlliflər öz sahəsini bilən nüfuzlu şəxslər olmalıdır. Artıq dünyada dərsliklərdəki qüsurlardan qaçır. Bir çox ölkələrin yuxarı sinif dərsliklərinə baxdıqda onların daha çox tərcüməyə üstünlük verdiyini görmək olar. Burada heç bir qəbahət yoxdur. Əsas odur ki, bizim şagirdlərimiz, müəllimlər dərsliklərdən sərbəst şəkildə istifadə edə bilsinlər. Dərsliklər o qədər mürəkkəb yazılır ki, prinsiplər itir. Əslində isə sadədən mürəkkəbliyə doğru zəncirvarı prinsipləri əhatə etməlidir. Bu baxımdan düşünürəm ki, Təhsil İnstitutun özündə, eləcə də digər ali məktəblərdə dərsliklərin ciddi təhlil edilməsi üçün laboratoriyalar yaradılmalı və bura ciddi mütəxəssislər cəlb olunmalıdır”.

“Peşəkar müəllim dərsliklərdəki qüsurları aradan qaldıra bilər”

Başqa ölkələrin təcrübəsinə toxunan ekspert deyib ki, qonşu Türkiyədə dərsliklər bütün evlərdə geniş şəkildə müzakirə olunur: “ Başqa ölkələrdə dərsliklər geniş şəkildə müzakirə olunur, mətnlərin uşaq üçün əhəmiyyəti psixologiyasına, yaşa təsiri təhlil olunur. Amma bizdə dərslik müəllifə tapşırılır, redaktor, korrektor yazıya baxdıqdan sonra çapa verib, sonradan məktəblərə paylayırlar. Bu düzgün deyil”.

E. Əliyev əlavə edib ki, müəllimlərin peşəkarlığı dərsliklərdəki qüsurları aradan qaldıra bilər.

“Dərsliklərin nəşrində nə elm adamı, nə də psixoloq iştirak etmir”

Əməkdar müəllim Almaz Həsrət söyləyib ki, son təlim proqramı olan kurikulumun tədrisinin reallaşması üçün yazılan dərsliklərdə çoxlu qüsurlara rast gəldiyimizi dana bilmərik: “Hər bir fənninin tədrisinin bir dərsliklə keçirilməsi müəllimlərin üzərinə əlavə yük gətirib. Belə ki, müəllimlər dərsliklərdə baş verən yanlışlıqlara gəlib çıxanda onlar bilmir bunun düzəldilməsi ilə məşğul olsunlar, yoxsa mövzunu şagirdə ötürsünlər. Son 10-11 il ərzində yazılan dərsliklərdə bu qüsurlara daha çox rast gəlinir. Xüsusilə də mənə yaxın olan Biologiya dərsliklərində yanlışlara daha çox rast gəlinir. Mən deyərdim ki, bu dərslikləri yazanların əksəriyyətində səriştəsizlik olmaqla yanaşı, elmi biliklərdən uzaqdırlar. Çünki, bu dərsliklərin nəşrində nə elm adamı, nə də psixoloq iştirak etmir”.

A.Həsrətin sözlərinə görə, dərsliklər çap olunarkən uşaqların yaş səviyyəsini nəzərə alan ekspert təyin olunmur: “Çox təəssüf ki, müzakirəyə tenderdə qalib olacaq dərsliklər çıxarılır. Bu doğru yanaşma deyil. Müzakirəyə müxtəlif komandalar tərəfindən yazılan ən azı iki dərslik çıxarılmalıdır. Bir dərsliyin nəyi müzakirə olunmalıdır? Burada axı alternativ dərslik yoxdur? Bu yanaşmalarda dəyişiklik edilməlidir”.

“Bəzi dərsliklərimizdə yeniliklər şagirdlərə ötürülmür”

Əməkdar müəllim söyləyib ki, dərsliklərin keyfiyyətli olması üçün peşəkar müəllim heyəti, kadrlar olmalıdır: “Bu dərslikləri yazanlar şagirdlərin yaş səviyyələrini yaxşı bilən, xüsusi mütəxəssislər, psixoloqlar, inklüziv təhsillə əlaqədar peşəkar insanlar olmalıdır. Bu gün məktəblərimizdə təhsil alan bütün uşaqların sağlamlığı eyni deyil. Dərsliklərin hazırlanmasında digər şagirdlər də nəzərə alınmalıdır. Biologiya dərsliklərində tamamilə yeni şəkillər, orqanlar meydana gəlib. Məlum olub ki, 40-50 il bundan mövcud olan orqanlar son texnoloji inkişaf nəticəsində ya yoxa çıxıb, ya da parçalanıb və ya başqası ilə əvəz olunub. Lakin dərsliklərimizdə bu yeniliklər şagirdlərə ötürülmür. Şagirdlərimiz bizim gələcəyə baxan gözlərimizdir. Biz gələcəyi görə biləcək 10 cümləni indidən dərk etməliyik. Beynəlxalq arenaya baxmalı, yeni elmi məzmun haqqında məlumatlı olmalıyıq. Yenilikləri ilk öncə özümüz bilməliyik. Dərslik yazanlar isə 10 qat daha artıq bilməlidirlər. Amma çox təəssüf ki, dərslik yazan müəlliflərin əksəriyyəti yeni, müasir, elmi biliklərdən dayazlığı var”.

“Bayağı, aşırıcı fikirlərdən tam şəkildə uzaq olmalıyıq”

İbtidai sinif dərsliklərində yaşa uyğun olmayan mətn və şeirlərə gəldikdə A. Həsrət qeyd edib ki, müəlliflər azərbaycanlı olduğumuzu unutmamalıdırlar: “Bizim şəxsi milli mənəvi dəyərlərimiz var. Dərsliklərdə biz tarixi köklərimilə bağlı olan nüanslara toxunmalıyıq. Biz bayağı, aşırıcı fikirlərdən tam şəkildə uzaq olmalıyıq. Şagirdlərimizi o yöndə tərbiyə etməməliyik. Biz dərsliklərə şagirdlərimizin düzgün tərbiyə almasına,inkişafına kömək edəcək nüasnları gətirməliyik. Nə qədər ki, dərsliklərin yazılması ilə bağlı qurum yaradılmayıb bu qüsur və nöqsanlar olacaq”.

“Dərsliklərdə insanların fizologiyası ilə bağlı materiallar yer almalıdır”

Azərbaycan Psixologiya və Psixoterapeya Assosiasiyasının layihə rəhbəri, psixoloq Nurlana İsmayılova deyib ki, dərsliklərdə insanların fizologiyası ilə bağlı materiallar yer almalıdır: “Hətta baxça yaşlı uşaqlara məlumatlandırıcı formada tədris olunsa, bu, onların gələcəkdə üzləşəcəkləri problemin həllində yardımçı ola bilər. Təbii ki, insan fiziologiyası ilə bağlı informasiyalar uşaqlara onların qavrayacağı səviyyədə izah olunmalıdır. Hər bir uşaq öz orqanının hansı xüsusiyyətlərə malik olması onun sağlamlığı baxımında da önəmlidir. Təbii ki, bu erotik şəkildə deyil, elmi, tibbi tərəfdən aşılanmalıdır”.

“Yaşa uyğun olmayan materiallar məktəbliləri yalnış yola istiqamətləndirə bilər”

Psixoloq söyləyib ki, ibtidai sinif dərsliklərində yaşa uyğun olmayan materialların verilməsi məktəblilərin yalnış yola istiqamətləndirə bilər: “Azyaşlılara yaşına uyğun olmayan informasiyaların verilməsi, onların bu cür məsələlərə gələcəkdə normal münasibət göstərməsinə gətirib çıxara bilər. Artıq bu cür məsələlər onlar üçün adiləşir, özünə güvən azalır, böyüyə hörmət kimi amillər sıradan çıxır. Uşaqlara özünə güvən aşılanmalıdır. Uşaqlarda ən böyük problem elə budur. Onusuzda bu gün uşaqlarımız informasiya bolluğu mühitində böyüdükləri üçün yaşlarından əvvəl yetkinləşirlər. Əvvəl bu dövr uşaqlarda 14-15 yaşlarında başlayırdısa, indi 9-11 yaş dövrünü əhatə edir. Bu baxımdan məktəblərin həkim, psixoloq və müəllimləri ibtidai sinif uşaqlarına diqqət etməli, onlarla daim iş aparıb, məlumatlandırmalıdırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə