"Uşaqların rus dilində təhsilə meyllənməsinin qarşısı alınmalıdır" İRAD

“Bu gün Azərbaycanda rus dilində təhsil alanlarların sayında artım müşahidə olunur. Nədənsə ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyildir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanda uşaqların rus dilində təhsilə meyllənməsinin qarşısı vaxtında alınmalıdır: “Bunu rus dilinə qarşı çıxmağım kimi qiymətləndirilməsini istəmirəm. Rusiya Azərbaycanla dost dövlətdir Rus dili də, ingilis dili kimi xarici dil kimi tədris olunmalıdır. Heç kim rus dili ilə bağlı dərs saatlarının artmasının əleyhinə olmamalıdır. Lakin uşaqların birinci sinifdən rus bölməsinə meyllənməsi kökündən yanlışdır”.

G. Baxşəliyevanın sözlərinə görə, ziyalılar bu itsiqamətdə iş aparmalıdır: “İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır. Çünki, ilkin təhsil uşaqların şəxsiyyət kimi formalaşması dövrünə təsadüf etdiyindən bu, gələcəyimiz üçün çox vacibdir Sual oluna bilər ki, bəs necə olur ki, sovetlər dövründə çoxları rus dilində təhsil alırdı. O dövrdə karyera qurmaq, yüsək elmi dərəcə əldə etmək üçün bu dil lazım idi. Amma bu gün biz müstəqilik və ölkəmizdə karyera qurmaq üçün bütün lazımı şərait var”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə